Azərbaycan, Bakı, 19 noyabr / Trend müxbir P.Həmidov/ NATO Parlament Assambleyası Gürcüstanın alyansa üzvlüyünün NATO dövlət başçılarının sammitində müzakirəsinə dəstək verib. Bu barədə noyabrın 18-də Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü Siyavuş Novruzov Trend -a telefonla bildirib.
Novruzov qeyd edib ki, noyabrın 14-dən 18-dək Valensiyada keçirilən NATO PA-nın növbəti sessiyasında Gürcüstanın NATO-ya dəvət edilməsinə dair konkret qərar qəbul edilməyib.
"Bəzi ölkələr Gürcüstanın alyansa üzvlüyünə etiraz ediblər. Belə ki, ərazi bütövlüyü təmin olunmayınca bu ölkəni təşkilata qəbul etmək olmaz", - Novruzov deyib.
Tədbirdə Gürcüstan prezidenti Mixail Saakaşvili çıxış edib. O, sessiya iştirakçılarına avqust hadisələri barədə və Cənubi Osetiyada baş vermiş münaqişənin nəticələrinə dair məlumat verib.
NATO PA-nın sessiyasında, həmçinin alyansın inkişafı, Qafaqazda baş vermiş avqust hadisələrinin araşdırılması və s. məsələlər müzakirə olunub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]