...

Gürcüstan Parlamenti yeni konstitusiyanı birinci oxunuşda qəbul edib

Siyasət Materials 25 Sentyabr 2010 11:37 (UTC +04:00)
Gürcüstan Parlamenti dünən yeni konstitusiya layihəsini birinci oxunuşda qəbul edib. Bu qərarın lehinə 123, əleyhinə isə 4 deputat səs verib.
Gürcüstan Parlamenti yeni konstitusiyanı birinci oxunuşda qəbul edib

Gürcüstan, Tbilisi, 25 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Parlamenti dünən yeni konstitusiya layihəsini birinci oxunuşda qəbul edib. Bu qərarın lehinə 123, əleyhinə isə 4 deputat səs verib.

Yeni konstitusiya layihəsini deputatlara ədliyyə naziri Zurab Adeişvili təqdim edib. O, bu konstitusiyanın dövlətin dəyişdirilməsi, parlamentin rolunun möhkəmləndirilməsi və Gürcüstanda hakimiyyətin qolları arasında bərabərliyin təmin olunmasında böyük addım adlandırıb.

Müxalifət yeni konstitusiyada "Baş nazir institutu"nun gücləndirilməsi tərəfə meyil olduğunu bəyan edərək, bu layihənin əleyhinə səs verib. Qeyd etmək lazımdır ki, bəzi müxalifət partiyaları bəyan edirlər ki, bu konstitusiya Mixeil Saakaşvilinin 2013-cü ildə Prezident postundan istefasından sonra Baş nazir kürsüsünü tuta bilməsi üçün qəbul edilir.

Bu günlərdə Tbilisidə olan AŞ Venesiya Komissiyasının üzvləri Gürcüstan Parlamentinə konstitusiya layihəsi üzrə bu təşkilatın tövsiyələrini sentyabrın 16-dan gözləməyi məsləhət görüblər. Lakin Parlament əksəriyyəti qanun layihəsinin müzakirələrinə başlamağa tələsib və dünən onun birinci oxunuşda qəbul edilməsi üçün Parlamentin növbədənkənar sessiyası keçirilib.

Sentyabrın 17-də nümayəndə heyətinin üzvləri Tbilisyə səfərin yekunları üzrə keçirdikləri mətbuat konfransında tövsiyə şəklində komissiyanın ilkin rəyində əks olunan əsas məsələləri qeyd ediblər. Nümayəndə heyəti üzvlərinin sözlərinə görə, xüsusilə 2004-cü ildə qəbul edilən mübahisəli dəyişikliklərlə müqayisədə təklif olunan məqamların "irəliyə doğru mühüm addım olmasına baxmayaraq", müəyyən problemlər yenə də qalmaqdadır.

"Bizim nöqteyi-nəzərimizdən, ən önəmli problemlər hökumətin formalaşması və ona etimadsızlığın elan edilməsindən ibarətdir", - Venesiya Komissiyasının üzvü Tomas Market bildirib.

Venesiya Komissiyasının bəyanatına görə, Parlamentin rolunun gücləndirilməsi ölkədə ən güclü fiqurun, yəni Baş nazirin qanunverici orqanı - Parlamenti seçməsi faktı ilə şərtlənir.

Lakin Tomas Marketin bildirdiyi kimi, "Layihənin mərkəzi məsələsi güclü icraedici orqanın yaradılmasıdır, çünki layihə müəllifləri əmindirlər ki, bu dövrdə Gürcüstanın güclü hökumətə ehtiyacı var".

Hökumətə etimadsızlığın elan edilməsi qaydalarının dəyişdirilməsi hökumətin Parlament qarşısında hesabat verməli olduğunu gücləndirir. "Bu, bizim başlıca tövsiyələrimizdən biridir", - o deyib.

Komissiya özünün ilkin rəyində bəyan etmişdi ki, hökumətin səlahiyyətlərinin gücləndirilməsinə baxmayaraq, Prezident beynəlxalq münasibətlər, Silahlı Qüvvələr və fövqəladə hallar, eləcə də hökumətə Parlament tərəfdən etimadsızlıq elan olunacağı təqdirdə,  yenə əlində xeyli hakimiyyət saxlayır.

Komissiyanın fikrincə, Prezidentin hakimiyyətin digər qolları ilə münaqişəyə girə bilməsi kimi  risk mövcuddur. Komissiya hesab edir ki, belə bir vəziyyətin yaranması ehtimalını Prezidentin birbaşa seçilən şəxs olması gücləndirir ki, bu da onun siyasi çəkisini artırır.

Prezident Saakaşvili yeni modeldə nəzərdə tutulan Prezident səlahiyyətlərinin məhdudlaşdırılması əleyhinə dəfələrlə qətiyyətlə çıxış edib.

Xəbər lenti

Xəbər lenti