Azərbaycan, Bakı, 28 may /Trend/
Argentinada Azərbaycanın Respublika Günü təntənəli şəkildə qeyd olunub. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər nazirliyindən bildirilib.
Tədbirə Argentina hökumətinin, qanunvericilik orqanının, siyasi partiyaların, ölkədə akkreditə olunan diplomatik korpusun, işgüzar, elmi, mədəniyyət çevrələrinin, dini-icma təşkilatların, kütləvi informasiya vasitələrinin təmsilçiləri qatılmışlar. Argentina və Respublikasının dövlət himnlərinin səsləndirilməsindən sonra səfir Məmməd Əhmədzadə nitq söyləyib.
Respublika Gününün tarixi əhəmiyyəti barədə məlumat verən Əhmədzadə bu il həmin tarixin Azərbaycan müstəqilliyinin bərpasının 20-ci ildönümünə təsadüf etməsinin xüsusi önəm daşıdığını deyib. Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra üzləşdiyi problemlər, xüsusilə də Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzündən danışan səfir 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ölkəmizdə sabitlik, inkişaf və tərəqqi mərhələsinin başlandığını deyib.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inamla irəlilədiyini bildirərək son illərdə ölkəmizdə sosial-iqtisadi sahədə əldə olunan yüksək göstəricilər, ölkəmizin regional liderliyi, regionda həyata keçirilən qlobal əhəmiyyətli layihələrin təşəbbüskarı və regional inkişaf, əməkdaşlıq və inteqrasiyanın lokomotivi olmasını nümayiş etdirən faktları qeyd edib. Azərbaycanın fəal xarici siyasət yürütməsi, son illərdə diplomatik əhatə dairəsinin genişləndiyini bildirərək Cənubi Amerikada ilk diplomatik nümayəndəliyimizin Argentinada təsis olunduğu və bu müddət ərzində Azərbaycan-Argentina əlaqələrində müşahidə olunan inkişafdan danışıb və bu əlaqələrin yalnız iki ölkə arasında deyil, habelə Cənubi Amerika ilə Azərbaycanın mərkəz olduğu geniş Cənubi Qafqaz, Xəzər hövzəsi və Mərkəzi Asiya regionları arasında əməkdaşlığa töhfə verəcəyini deyib.
Əhmədzadə Almaniyada keçirilmiş "Eurovision 2011" mahnı müsabiqəsində ölkəmizi Eli&Nikki adı ilə təmsil etmiş Eldar Qasımov və Nigar Camal duetinin qələbə çalması ilə bağlı bu günlərdə Azərbaycanda böyük sevinc yaşandığını da vurğulayıb. Bu qələbədən böyük qürur hissi duyduğumuzu, gələn il bu nüfuzlu musiqi festivalının Bakıda keçiriləcəyinin ölkəmiz üçün əhəmiyyətli hadisə olacağını bildirib, bu mahnı müsabiqəsini seyr etmək və ölkəmizin gözəllikləri ilə tanış olmaq üçün hamını Azərbaycana dəvət edib.
Tədbirdə "Eurovision 2011"də Eli&Nikki duetinin çıxışı nümayiş etdirilib.
Tədbir çərçivəsində Azərbaycanla bağlı fotosərgi, habelə ölkəmizin mədəniyyəti və ənənələrini tərənnüm etdirən guşə xüsusi marağa səbəb olub.
Azərbaycanın Respublika Günü Argentina kütləvi informasiya vasitələrinin, çoxsaylı qəzet, jurnal, televiziya-radio, internet informasiya portallarının diqqətində olub və bu barədə çoxsaylı məlumatlar yayımlanıb. Tədbir çərçivəsində Əhmədzadə KİV nümayəndələrinə də geniş müsahibə verib.