...

Politoloq: İranla "altılıq" arasında danışıqlar İran-Rusiya münasibətlərinin gərginliyi aşkarladı

Siyasət Materials 4 Avqust 2015 14:12 (UTC +04:00)
Rusiya İranla "altılıq" arasında danışıqların başa çatmasına ciddi reaksiya verdi. İranla "altılıq" arasında danışıqlar İran-Rusiya münasibətlərinin gərginliyi aşkarladı".
Politoloq: İranla "altılıq" arasında danışıqlar İran-Rusiya münasibətlərinin gərginliyi aşkarladı

Azərbaycan, Bakı, 4 avqust /Trend/

Rusiya İranla "altılıq" arasında danışıqların başa çatmasına ciddi reaksiya verdi. İranla "altılıq" arasında danışıqlar İran-Rusiya münasibətlərinin gərginliyi aşkarladı". Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O, qeyd edib ki, BRİKS və ŞƏT-in sammitlərində (Ufa, RF) iştirak edən İran Prezidenti Həsən Ruhani ilə Rusiya Prezidenti Vladimir Putinin görüşündə əvvəlki ritorika yerində idi: "Amma bu vaxtadək konkret işlərin peyda olmaması Rusiya-İran münasibətlərinin yalnız ritorikada yaxşılığının göstəricisidir. Yeri gəlmişkən, Kerri Konqresdə İranla imzalanmış müqaviləni təqdim edərkən, onu Rusiya və İran cütlüyü qarşısında geri çəkilməkdə ittiham edənlərə cavab olaraq maraqlı detal açıqladı. O, danışıqlarda RF-nin daha kəskin antiiran mövqedə durduğunu və bunun üçün İran nümayəndələrinin Rusiyadan dəfələrlə incidiyini bildirdi. İranın sonradan Rusiya ilə bağlı mövqeyi də Kerrinin bu fikirlərini - İranın Rusiyadan narazı olması fikirlərini təsdiq edir".

Politoloq deyib ki, Rusiya İranla "altılıq" arasında danışıqların başa çatmasına, müqavilə imzalanmasına ciddi reaksiya verdi: "İranla danışıqlar zamanı Rusiya ilə ABŞ arasında ciddi iş birliyini etimad yaratmaq üçün əsas kimi götürərək, RF ABŞ-la münasibətlərini yaxşılaşdırmaq kursu götürmüşdür. Barak Obama, eləcə də ABŞ-ın digər rəsmiləri İranla aparılan danışıqlarda Rusiyanın tutduğu rola bir neçə dəfə xüsusi əhəmiyyət verdilər. Bu mövzuda tez-tez bəyanatlar yaydılar. B.Obama İranla əlaqəli keçirdiyi hər iki tədbirdə Rusiyanın xüsusi rolunu qeyd etdi. B.Obama məxsusi olaraq bu məsələdən ötrü RF prezidenti V.Putinə zəng etdi. Telefon zəngi SSRİ ilə ABŞ arasında "Soyuz-Apollon" birgə kosmik uçuşunun 40 illiyi münasibətilə təbriklə başlasa da, əsasən, İranla əlaqəli məsələlər müzakirə edildi. Bu baş verənlər Putinin gərginliyi azaltma kursunu götürdüyünü göstərir. Amma daha konkret misal Ukrayna ilə əlaqəli baş verənlərdədir. V.Putin "Normand formatında" liderlərin əlaqələrini intensivləşdirdi. Telefon danışıqları baş tutdu. "Minsk-2" müqaviləsinin reallaşmasının sürətlənməsini aktuallaşdırdı. Bu məsələni RF Təhlükəsizlik Şurasında müzakirə etdi. RF rəsmiləri ilk dəfə olaraq Ukraynanın ərazi bütövlüyünü müdafiə etdiklərini bildirdilər. Baş nazir D.Medvedev RF-in Ukraynanın ərazi bütövlüyünü tanıdığını bildirdi. Amma Krımla əlaqəli məsələlərin bitməsi fonunda Ukraynanın ərazi bütövlüyünün tanındığını bəyan etdi. Başqa sözlə Krım məsələsi müzakirə edilməməlidir. Donbas xüsusi statusla, bufer zona kimi Ukraynanın tərkibinə qayıdır. ABŞ-da Ukraynanın əsas kuratoru ABŞ-ın vitse-prezidenti C.Bayden Donbası bufer zona kimi qəbul etdiklərini bəyan etdi. ABŞ dövlət katibinin müavini V.Nulandla RF xaricinin işlər nazirinin müavini Q.Karasin arasında Minsk-2 reallaşmasına aid məsələlərin müzakirəsi xeyli intensivləşib".

M.Əhmədoğlu vurğulayıb ki, RF İranla əldə olunmuş razılaşmanı dünyada mürəkkəb problemlərin həlli üçün nümunə kimi görmək istəyir: "O bu model əsasında Suriya və Ukrayna problemlərini də həll etmək niyyətindədir. İranla "altılıq" arasında müqavilənin imzalandığının səhərisi gün RF xarici işlər naziri S.Lavrov AvroRƏMS layihəsinin aktuallığını itirdiyini bildirdi. Lavrovun məntiqi güclü idi. ABŞ AvroRƏMS layihəsini ortalığa qoyarkən İranın ballistik raketlərinin mövcudluğunu və Qərbə düşmənçiliyini nəzərdə tutmuşdu. Lavrova görə müqavilə imzalanıbsa İran Qərbin düşməni olmaq istəmir. İran Avropaya raket atmayacaq. Beləliklə, Avropanı İran raketlərindən qorumağa ehtiyac da yoxdur. Lakin ABŞ RF-in AvroRƏMS-lə bağlı yeni ideyalarını dərhal rədd etdi. AvroRƏMS layihəsinin reallaşdırılacağını bildirdi. Rusiya isə yenidən AvroRƏMS-in məhz onun özünə qarşı yönəldiyini düşünür".

Politoloq deyib ki, RF-nin Dağlıq Qarabağ tənzimlənməsinə operativ münasibət bildirməsi də İran-ABŞ yaxınlaşmasını özü üçün təhlükə görməsindən irəli gəlir: "S.Lavrov azərbaycanlı həmkarını Rusiyaya dəvət etdi. E.Məmmədyarovla görüşdükdən sonra Ermənistan xarici işlər naziri E.Nalbandyanla telefonla danışdı".

Onun sözlərinə görə, RF Səudiyyə Ərəbistanı ilə əlaqələrin intensiv görünməsində maraqlıdır: "Səudiyyə Ərəbistanının neftin qiymətini öldürməklə Rusiya iqtisadiyyatına vurduğu ziyanı Rusiya unudur. RF mətbuatına görə, guya yaxınlarda Səudiyyə Ərəbistanı Rusiyaya 10 milyard dollarlıq investisiya yatıracaqdır. RF dünyada gərginliyi azaltma kursunu bəyan etsə də, hərbi addımlarından geri çəkilmək fikrində deyil. Dəniz doktrinasının yenilənmiş konsepsiyasını qəbul etməklə hərbi gücünü daha da aqressivləşdirdiyini göstərdi. Bu konsepsiyada Krım və Arktika məsələlərinə xüsusi yer verilib. İlk dəfə olaraq RF hərbi gəmiləri Efiopiya limanlarına yan aldı. Eləcə də RF Suriyadakı limanlarında hərbi aktivliyini gücləndirir. Məhz Suriyadakı hərbi aktivliyinin güclənməsi Türkiyə prezidenti R.T.Ərdoğanı Türkiyədəki son terror hadisələrilə bağlı RF prezidenti V.Putinlə danışmağa vadar etdi. Suriya ilə sərhəddə yerləşən Suruc şəhərində 32 nəfərin ölümüylə nəticələnən terror hadisəsindən sonra Türkiyə Suriyanın daxilində hərbi müdaxiləni genişləndirmək niyyətində idi".

M.Əhmədoğlu bildirib ki, İranın nüvə danışıqlarında əldə olunmuş uğur ABŞ-Rusiya münasibətlərini yaxşılaşdırmayacaq: "Rusiya bu məsələdə öz maraqlarını müdafiə edib. ABŞ-ın İran və Ukrayna siyasəti arasında heç bir əlaqə yoxdur. Rusiyanın Ukraynanın ərazi bütövlüyünü pozması davam etdikcə ABŞ-la Rusiya arasında dərin ziddiyyətlər qalacaqdır. ABŞ-ın Ukraynadakı səfiri C.Payettin bu fikirləri təsdiqini tapdı: ABŞ Ukrayna məsələsinə görə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi. Donbasla əlaqəli razılaşmalar reallaşdıqdan sonra yeni sanksiyalar aradan qaldırılacaq. RF ABŞ-ın yeni sanksiyalarını təxribat adlandırdı. Kreml isə bu sanksiyaların gözlənilməz olduğunu bildirməklə yanaşı assimetrik cavab verə biləcəyini bildirdi. Ağ Ev ABŞ və Rusiya prezidentlərinin arasındakı münasibətin işgüzar münasibətlər olduğunu bildirdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti