...

QDİƏT-ə üzv ölkələrə Zəngəzur dəhlizinin imkanlarından istifadə etmək təklif olunub (FOTO)

Siyasət Materials 5 Dekabr 2021 11:21 (UTC +04:00)
QDİƏT-ə üzv ölkələrə Zəngəzur dəhlizinin imkanlarından istifadə etmək təklif olunub (FOTO)

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrin Avtomobil Nəqliyyatı Assosiasiyaları Birliyinin 38-ci Baş Assambleyası keçirilib.

Trend-in məlumatına görə, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasından (ABADA) bildirilib ki, tədbirdə bu il üzv ölkələrin avtomobil nəqliyyatı sahəsində görülən işlər, qarşıya qoyulan planların icrası ilə bağlı dinləmələr olub.

Açılış nitqi ilə çıxış edən QDİƏT-in Baş katibi Lazar Komanesku quruma üzv olan ölkələr arasında münasibətlərdə yükdaşıma sahəsinin önəmindən bəhs edib, postpandemiya dövründə nəqliyyat əlaqələrinin genişləndirilməsi istiqamətində görülmüş işlərdən danışıb.

Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) prezidenti Umberto de Pretto, QDİƏT-in Avtomobil Nəqliyyatı Assosiasiyaları Birliyinin prezidenti Eduard Kasa yaxın gələcəkdə elektron sistemlərin tətbiqi, yüklərin təminatlı çatdırılması istiqamətində görülən tədbirlərdən danışıblar. Bildirilib ki, ekoloji standartların tətbiqi üçün qəbul edilən beynəlxalq qərarların icrası istiqamətində yük parklarının yenilənməsinə diqqət edilməlidir.

QDİƏT-in Daimi Beynəlxalq Katibliyinin Baş katibinin müavini Trayan Çebeleu təşkilatın bundan əvvəlki iclaslarını xatırladaraq, ötən müddətdə bir sıra nailiyyətlərin əldə olunduğunu bildirib. Baş katibin müavini vurğulayıb ki, bu iclas da QDİƏT ölkələri üçün avtomobil nəqliyyatı ilə yükdaşımalar sahəsinə dair müzakirələr aparılması, eyni zamanda, yeni təcrübələrin öyrənilməsi üçün çox əhəmiyyətli olacaq.

Tədbirdə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) İdarə Heyətinin sədri Həbib Həsənov da iştirak edib.

Son illər Azərbaycanda beynəlxalq yükdaşımalar sahəsində nəzərə çarpacaq yeniliklərin tətbiq olunduğu diqqətə çatdırılıb. Bundan əlavə, peşəkar sürücü kontingentinin formalaşdırılması üçün Azərbaycan hökuməti və Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) tədris proqramlarının icrası ilə bağlı məlumat verilib.

Həmçinin keyfiyyətə nəzarət sistemi, eləcə də yük nəqliyyat vasitələrinin, daşıyıcı şirkətlərin reytinqi, həmçinin məlumatların idarə edilməsi üzrə proqram təminatının hazırlanması üzrə işlərə başlanılması da diqqətə çatdırılıb.

Tədbir zamanı Azərbaycanın tranzit-logistika imkanlarından da bəhs olunub. Zəngəzur dəhlizinin quruma üzv ölkələrin beynəlxalq yükdaşıma imkanlarını stimullaşdıracağı qeyd edilib. Bildirilib ki, bu dəhliz QDİƏT-ə üzv ölkələrin Azərbaycan üzərindən rahat keçidinin təminatçısı olacaq və bunun üçün dünya standartlarına cavab verən yollarımız, yük parklarımız mövcuddur. Hazırda Azərbaycanda 13 yük parkının, sərhəd-keçid məntəqələri və onlara yaxın ərazilərdə 5 TIR parkının xidmətdə olduğu vurğulanıb. Bu parkların da beynəlxalq yükdaşımalar üçün nəzərdə tutulan standartlara cavab verdiyi qeyd edilib.

Təşkilata üzv ölkələrdə QDİƏT-in konsepsiyasına uyğun quru və dəniz keçidlərində təhlükəsiz, etibarlı parkların yaradılması üçün lobbiçilik fəaliyyətinin genişləndirilməsi məsələləri müzakirə olunub.

Tədbirin sonunda 2022-ci il üçün işçi proqramı təsdiq edilib. Proqrama əsasən, QDİƏT “İcazə”lərinin coğrafiyasını genişləndirmək üçün lobbiçilik fəaliyyətini davam etdirmək, könüllü və qarşılılıqlı prinsip əsasında nəqliyyat əməliyyatlarının üçüncü ölkələrdə də genişləndirilməsi və qurumun birdəfəlik “İcazə”lərinin çox istifadəli “İcazə”lərə dəyişdirilməsi haqqında da qərar qəbul olunub.

Bundan əlavə, tranzit keçidlərinin sadələşdirilməsi məqsədilə e-TIR sisteminin genişləndirilməsi, həmçinin digər nəqliyyat sənədlərinin (e-CMR, e-İcazə, e-viza) rəqəmsallaşdırılması kimi məsələlər də gələn ilin məqsədləri kimi qəbul edilib. Eyni zamanda, Azərbaycanın bu elektron sistemlərə qoşulması məsələsi də müzakirə olunub.

Qeyd edək ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) 1992-ci il iyunun 25-də İstanbul Bəyannaməsinin imzalanması ilə yaradılıb və Azərbaycan həmin tarixdən Təşkilatın təsisçi üzvüdür. Azərbaycandan əlavə Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova Ermənistan, Rusiya, Rumıniya, Türkiyə, Yunanıstan, Ukrayna və Serbiya təşkilata üzv ölkələrdir. Təşkilat regional əməkdaşlığın əsas istiqamətlərini müəyyən etmək və region dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsi məqsədilə yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti