...

ATƏT-in Minsk Qrupunun fəaliyyətinə bundan sonra ehtiyac yoxdur - Rauf Əliyev

Siyasət Materials 18 Aprel 2022 14:21 (UTC +04:00)
ATƏT-in Minsk Qrupunun fəaliyyətinə bundan sonra ehtiyac yoxdur - Rauf Əliyev

Bakı. Trend:

Minsk qrupu 1992-ci ilin martında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi(o zaman təşkilat hələ ATƏT adlanmırdı) təşklilatı tərəfindən yaradılıb. ATƏT 1995-ci ildə Rusiya ilə ABŞ-ı Minsk qrupunun həmsədrləri kimi qəbul edib. 1997-ci ildə Fransaya da həmsədirlik verilib. Bununla da qrupda həmsədrlik üçtərəfli səviyyəyə qalxıb. Bu qurum Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh konfransının təşkil edilməsi məqsədilə Minskdə yaradılıb. Ona bu üzdən Minsk qrupu adı verilib. Minsk qrupunun təxminən 30 il davam etmiş fəaliyyəti heç bir nəticə verməyib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Qəhrəman Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfər nəticəsində Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızin işğaldan azad edilməsindən sonra bu təşkilatın görə biləcəyi bir iş qalmayıb. Cənab Prezident İlham Əliyev Minsk qrupunun fəaliyyəti barədə belə deyib: “... Biz bu münaqişəni özümüz həll etdik. Minsk Qrupu ikinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə də göz qabağındadır, nəticə sıfır... Azərbaycan bu münaqişəni özü həll edib. Hərbi-siyasi yollarla həll edib”. Cənab Prezidentin bu sözlərini Azərbaycanın ATƏT-in Minsk qruru ilə bağlı yekun qərarı kimi də qiymətləndirmək olar. Belə ki, 44 günlük müharibə ilə Azərbaycan 28 ildən artıq davam edən “ermənistan-Azərbaycan Dağlıq Qarabağ” münaqişəsini hərbi-siyasi yolla yekunlaşdırdı.

ATƏT-in Minsk qrupu bu münaqişəni sülh yolu ilə həll etməli idi. Bu qurum bu münaqişəni həll edə bilmədiyi kimi , baş verən müharibənin də qarşısını ala bilmədi. Hazırda Azərbaycan Ermənistanla münasibətlərin tənzimlənməsi, sülh müqaviləsinin bağlanması ilə danışıqları Rusiya və Avropa İttifaqının vasitəçiliyi ilə aparır. 6 aprel 2022-ci il tarixdə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şari Mişelin vasitəçiliyi və iştirakı ilə Azərbaycan respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bürisseldə keçirilmiş görüş və bu görüşdə əldə olunmuş razılaşma buna bariz nümunədir. Bu onu göstərir ki, sülh müqaviləsinin hazırlanması İrəvanın istədiyi kimi Minsk qrupu çərçivəsində deyil, ikitərəfli formatda keçiriləcək. Görüş nəticəsində qəbul edilmiş Bəyənatda ATƏT-in Minsk qrupunun adı çəkilmir, Rusiya və Aİ vasitəçiliyi ilə əldə olunan razılaşmalara istinad edilir: bu, Minsk qrupu formatının faktiki olaraq kənarda qaldığını və yerini Aİ-yə verməsi deməkdir. Bütün bunlar deməyə əsas verir ki, artıq bundan sonra Minsk qrupunun fəaliyyətinə ehtiyac yoxdur.

Rauf Əliyev

Milli Məclisin deputatı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti