...

8 Noyabr - Zəfər Günü Azərbaycanın ən mühüm bayramlarından biridir

Siyasət Materials 6 Noyabr 2022 09:36 (UTC +04:00)
8 Noyabr - Zəfər Günü Azərbaycanın ən mühüm bayramlarından biridir

Bakı. Trend:

8 Noyabr - Zəfər Günü XXI əsrdə Azərbaycan xalqının, dövlətinin ən mühüm yadda qalan bayramlarından biridir. Bir veteran olaraq bu gün münasibətilə bütün azərbaycanlıları və dünya azərbaycanlılarını təbrik edirəm.

Azərbaycan bu qələbəyə çatmaq üçün uzun yol qət edib. Müharibə asan ərsəyə gələn bir iş deyil. Bunun üçün hərbi texnika, güclü ordu, bacarıqlı hərbi mütəxəssislər gərəklidir. Bu müddət ərzində Prezident İlham Əliyev tərəfindən hərbi sahəyə münasibət yüksək səviyyədə olub və olmağa da davam edir. Bu, Vətən müharibəsində əldə etdiyimiz qələbənin əsasında dayanan faktordur.

Bütün bu dövr ərzində dövlət və xalqın birliyi də çox önəmli idi. Müharibə başlamazdan öncə cavanlarımızda torpaqlarımızı işğaldan azad etmək üçün çox böyük ruh yüksəkliyi vardı. Bu da onların qəlbində olan bitməz, tükənməz vətən sevgisindən xəbər verir. Prezidentimiz hər zaman bilirdi ki, gec və ya tez, biz torpaqlarımızı işğaldan azad edəcəyik. Bu səbəbdən gənclərimiz, övladlarımız vətənpərvər ruhda, vətənə sevgi, sədaqət hisləri ilə yetişdirilib.

Ali Baş Komandan müharibənin hər saniyəsini izləyirdi. Bununla yanaşı, siyasi arenada da böyük işlər görürdü. Müharibə gedişatında və sonrasında dünyanın aparıcı telekanallarının jurnalistlərinə müsahibələr verirdi. Baxmayaraq ki, bir çox halda ona qərəzli suallar ünvanlanırdı, lakin o, bütün bu sualları dəqiq və səlis cavablandırırdı. Prezidentin qətiyyətli mövqeyi bizi qələbəyə doğru aparırdı.

Sirr deyil ki, bu tarixi qələbənin əldə edilməsində Dövlət Təhlükəsizliyi Xidmətinin də xüsusi rolu vardır. Azərbaycan təhlükəsizlik orqanla­rının milli dövlətçilik ideologiyasına söykənən prinsiplər əsasında forma­laşmasının nəticəsi idi ki, erməni silahlı birləşmələrinə qarşı, hələ Birinci Qara­bağ müharibəsində Vətənin müdafiəsinə ilk olaraq qalxan və rəşadətlə vuruşan­lardan biri də Azərbaycan təhlükəsizlik orqanlarının əməkdaşları olmuşlar. Vətənə sipər oğullar Azərbaycanın suverenli­yi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə əsl igidlik, şücaət və qəhrəmanlıq nümunəsi göstərdilər. Müstəqil Azərbaycanın təhlükəsizlik orqanlarının əməkdaşlarından 6 nəfəri – Riad Əhmədov, Nadir Əliyev, Əmiraslan Əliyev, Eldar Məmmədov, Bəhruz Man­surov və Faiq Cəfərov Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görüldülər.

Birinci Qarabağ müharibəsində oldu­ğu kimi, 44 günlük Vətən müharibəsində də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları əsl qəhrəmanlıq nümunəsi göstərdilər. Ömrünün 30 ilini təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş bir polkovnik kimi əmin edirəm ki, müharibə dövründə DTX-nin ölkə vətəndaşlarına müraciətləri, erməni terroru barədə xəbərdarlıqları, Qarabağda döyüşən kürd terrorçuların səsini yayması, livanlı muzdlu terrorçunun məsuliyyətə cəlb edilməsi və s. DTX-nin fəaliyyətinin cüzi və eyni zamanda, cəmiyyət üçün payla­şıla bilinən açıq hissəsi idi. Unutmayaq ki, DTX əməkdaşları gözəgörünməz cəbhənin insanlarıdır. Əbəs yerə təhlükəsizlik orqanlarına dövlətin onurğa sütunu demirlər. Qısa müddət ərzində orqanın belə qürurverici hala çatdırılma­sında birinci Qarabağ müharibəsində iştirak etmiş, Vətən oğlu general-polkov­nik Əli Nağıyevin fəaliyyəti danılmazdır. Bu yerdə ulu öndər Heydər Əliyevin "Dövlətin təhlükəsizlik, yaxud kəşfiyyat orqanları o vaxt qalib gəlir, öz vəzifəsini layiqincə yerinə yetirir ki, orada peşəkar kadr və iş üslubu olsun" fikri yerinə düşür.

Bu gün Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında özü­nün inkişafının və təkmilləşməsinin yeni mərhələsini yaşayır.

Xüsusi xidmət orqanları hər bir dövlətin milli təhlükəsizliyinin ayrılmaz komponentidir. Dövlət başçısı Dövlət Təhlükəsizliyi Xidmətinə yüksək etimad göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin sent­yabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Abşeron" yata­ğının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra jurnalistlərin sualla­rını cavablandırarkən Azərbaycan xüsusi xidmət orqanlarının fəaliyyəti haqqında aşağıdakı fikirləri bildirmişdir: "Biz bilirik bizim ətrafımızda nələr baş verir, bilirik və bilməliyik, bizim xüsusi xidmət orqan­ları çox səmərəli işləyirlər, həddindən artıq səmərəli işləyirlər".

Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti bu etimadı doğrultmaq, dövlətimizin, xalqımızın təhlükəsizliyini təmin etmək üçün əzmlə, yorulmadan çalışır, üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirir.

Son illərdə Azərbaycanın iqtisadi yüksəlişi inkaredilməz reallıqdır. Güclü orduya sahib olduğu da son 30 ilə yaxın müddətdə işğal altında qalmış ərazilərimizin cəmisi 44 gün ərzində düşməndən təmizlənməsi ilə sübuta yetirilib. Heç şübhəsiz ki, bütün bunların mümkün olmasında, Azərbaycan dövlətinin güclənməsində, ölkənin təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmət orqanlarımızın - Dövlət Təhlükəsizliyi Xidmətinin də rolu danılmazdır. Yəni, bu gün Azərbaycan dövləti regional liderdirsə, 44 günlük savaşda qalib gəlibsə, müharibədən əvvəl, müharibə günlərində və sonrasında ölkənin təhlükəsizliyi təmin edilirsə, vətəndaşlarımız hər hansı təxribat ehtimalı barədə düşünmək məcburiyyətində qalmadan sabitlik şəraitində yaşaya bilirsə, bütün bunlarda DTX-nin də xidmətinin olduğunu etiraf etmək lazımdır.

Əlbəttə ki, DTX-nin fəaliyyəti barədə cəmiyyətdə elə də geniş informasiyalar mövcud deyil. Azərbaycan ordusu və s. önəmli faktorlar ilə yanaşı, güclü dövlət modelində önəmli təhlükəsizlik mexanizmlərimizin əsas təməl qurumlarından biri olan DTX-nin fəaliyyəti məxfi xarakter daşıdığından biz yalnız son nəticələrdən xəbər tuta bilirik.

Təbii ki, 44 günlük savaşdan öncə də, müharibənin davam etdiyi günlərdə də DTX-nin tarixi hərbi zəfərin qazanılması üçün intensiv və peşəkarcasına fəaliyyət göstərməsi ictimaiyyətə məlumdur. Həmin dövrdə ölkədə hər hansı təhlükə qaynağı ola biləcək hadisələrin törədilməsinin mümkün olmaması məhz Azərbaycan xüsusi xidmət sektorunun peşəkar fəaliyyətinin nəticəsidir.

Onu da nəzərə almaq lazımdır ki, müharibə şəraitində olan hər hansı ölkənin ərazisində təxribat-diversiya ssenarilərinin reallaşdırılması ilə bağlı dünya hərb tarixində çoxlu sayda örnəklər mövcuddur. Azərbaycan üçün də belə təhlükəli planların qurula biləcəyi qətiyyən istisna deyildi. Hətta Ermənistan xüsusi xidmət orqanlarının Azərbaycan ərazisində, xüsusilə də, paytaxt Bakıda terror aktları planlaşdırdığı barədə operativ məlumatların əldə olunduğu da rəsmən elan edilmişdi.

Maraqlıdır ki, DTX-nin müharibə dövründə savaş bölgəsində göstərdiyi fəaliyyət ilə bağlı məhdud da olsa, müəyyən məlumatlar mövcuddur. Belə ki, müharibə şəraitində olan ölkələrin orduları daxilində pozuculuq fəaliyyətinin göstərilməsi, adətən, düşmən dövlətin əsas hərbi-kəşfiyyat hədəfləri sırasında ön planda yer alır. Elə Birinci Qarabağ savaşı dövründə həmin müharibənin iştirakçısı kimi deyə bilərəm ki, Azərbaycanın silahlı qüvvələri daxilində də belə örnəklərə rast gəlinməmiş deyil.

Ancaq bu dəfə analoji neqativ hadisələrə qətiyyən təsadüf olunmadı. Düzdür, bu istiqamətdə düşmən ölkənin müəyyən cəhdlərinin olması barədə məlumatlar mövcuddur. Eyni zamanda, o da məlumdur ki, DTX-nin peşəkar fəaliyyəti sayəsində düşmənin bütün hərbi təxribat cəhdləri dərhal iflasa uğradılıb. Yəni, dövlətimizin təhlükəsizlik orqanlarının operativ fəaliyyəti 44 günlük savaş dövründə Azərbaycan ordusu daxilində hər hansı neqativ hadisənin törədilməsinə imkan verməyib. O cümlədən, düşmənin Azərbaycan ordusunun arxasına sızaraq, savaş bölgəsi ətrafında fəaliyyət göstərməsinə də hər hansı şans tanınmayıb. Bu, DTX-nin qazanılmış tarixi qələbədəki əvəzolunmaz roludur.

Bütün bunlara paralel olaraq, DTX-nin düşmənə birbaşa vurduğu ağır zərbələr də bir reallıqdır. Bu isə Azərbaycan xüsusi xidmət orqanlarının Ermənistan xüsusi xidmət orqanları üzərində parlaq qələbəsidir.

Bəli, DTX savaş dövründə öz fəaliyyəti ilə düşmənə göz açmağa imkan verməyib. Savaş zamanı Ermənistan ordusunun komandir heyətinə daxil olan bir çox yüksək rütbəli zabitlər, ermənilərə liderlik edən bəzi hərbi cinayətkar şəxslər xüsusi peşəkarlıqla neytrallaşdırılmışdı. Məlumdur ki, onların yerinin tam dəqiqliyi ilə müəyyən edilməsində təhlükəsizlik orqanlarımızın xüsusi rolu olub. Azərbaycan ordusunun "Bayraktar"larına isə yeri, koordinatları, bəzi hallarda isə hərəkət etdiyi maşınları dəqiqləşdirilmiş həmin cinayətkar şəxslərin məhv edilməsi elə bir ciddi çətinlik törətməyib.

Əlbəttə ki, DTX-nin qazandığı uğurlarda bu önəmli qurumun rəhbərliyində peşəkarların təmsil olunmasının xüsusi rolu var. Heç şübhəsiz ki, Azərbaycan üçün belə məsuliyyətli və tarixi mərhələdə DTX-yə Qarabağ qazisi olan Əli Nağıyevin rəhbərlik etməsi önəmli şansdır. Çünki məhz onun peşəkar idarəçiliyi sahəsində DTX müasir və güclü Azərbaycan dövlətinin əsas təhlükəsizlik mexanizmlərindən birinə çevrilib.

Son olaraq, onu da qeyd edək ki, Azərbaycanın bu tarixi hərbi zəfəri qətiyyən asanlıqla qazanılmayıb. Azərbaycan cəmiyyətinin bu qələbədə iştirakı olan hər kəsə və hər quruma bir təşəkkür borcu var...

Bu gün ölkəmizin hər bir vətəndaşı güclü Azərbaycanla qürur duyur. Son illərdə dünyada ən yaxşı iqtisadi inkişaf göstəricilərindən biri məhz Azərbaycanda qeydə alınıb. Respublikamızın iqtisadi, maliyyə potensialının genişlənməsi ilə paralel şəkildə, beynəlxalq nüfuzu da əhəmiyyətli dərəcədə artıb. Bu gün Azərbaycan yeni neft strategiyasının uğurla reallaşdırılması sayəsində bölgənin enerji xəritəsini tamamilə dəyişməyə nail olub, həmçinin Avropanın enerji təhlükəsizliyində böyük çəkiyə malik bir ölkəyə çevrilib. Zəruri infrastrukturun yaradılması sayəsində Azərbaycanın istər Şimal-Cənub, istərsə də Şərq-Qərb nəqliyyat dəhlizində strateji məntəqə kimi rolu əhəmiyyətli dərəcədə artıb. Bütövlükdə, müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, ardıcıl nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir. Bir sözlə, ümummilli lider Heydər Əliyevin siyasəti yaşayır və uğurla həyata keçirilir. Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu və məqsədyönlü daxili və xarici siyasət kursu diplomatiya sahəsində olduğu kimi, döyüş meydanında da öz sözünü dedi. Dövlətimiz 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu.

Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Zəfərimizə mənəvi məna verən isə 30 ilə yaxın vaxt ərzində işğal altında qalan torpaqlarımızın, xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin hərbi döyüşlərlə azad edilməsi oldu. Beləliklə, Azərbaycan son 2 əsrlik tarixində ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır. Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun siyasətinə, onun gücünə etibarını, Heydər Əliyev ideyalarına, amalına sadiqliyini daha da möhkəmləndirdi.

Şəhidlərimizin, qəhrəmanlarımızın canı-qanı bahasına biz torpaqlarımıza qovuşduq. Azərbaycanın qəhrəman oğulları hər zaman ön sıralarda oldular. Heç nədən qorxmadan bir addım belə geri çəkilmədilər. Onları belə vətənpərvər ruhda böyüdən anaların qarşısında baş əyirəm. Əlbəttə, müharibə itkisiz olmur. Bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. Azərbaycanda qazilərə, şəhid ailələrinə daim diqqət və qayğı göstərilib və göstərilməyə davam edir. Bu diqqət və qayğı şəhid ailələrinə təsəlli olur.

Arzu edirəm xalqımızın, millətimizin, dövlətimizin, ordumuzun Ali Baş Komandanın ətrafında birliyi bundan sonra da sarsılmaz olsun, güclü olsun, daimi olsun. Zəfərimiz mübarək olsun, bizim xalqa yalnız qələbə yaraşır. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!

Azər Qarayev
Azərbaycan təhlükəsizlik orqanlarının və Birinci Qarabağ müharibəsinin veteranı,
DTX-nin fəxri əməkdaşı, istefada olan polkovnik

Məqalədə:
Xəbər lenti

Xəbər lenti