...

Prezident İlham Əliyevin təşəbbüsləri yeni dünya nizamının konturlarını cızır - Qlobal Bakı Forumunun yekunları

Siyasət Materials 13 Mart 2023 12:09 (UTC +04:00)
Prezident İlham Əliyevin təşəbbüsləri yeni dünya nizamının konturlarını cızır - Qlobal Bakı Forumunun yekunları
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

X Qlobal Bakı Forumu sona çatdığından bu tədbirin uğurunu qeyd etməyin tam vaxtıdır. Olduqca bölünmüş və yeni təhlükələrlə üzləşən dünyanın qlobal çağırışlarının müzakirəsi üçün platformanın yaradılması çətin məsələyə çevrilib. Bu kontekstdə Azərbaycan öz təşəbbüsləri ilə ön plana çıxır. Beləliklə, Prezident İlham Əliyevin böyük səyləri nəticəsində son on il ərzində Qlobal Bakı Forumu dünya liderlərinin inamını qazanmış və qlobal güclərin bir araya toplaşaraq dünya gündəliyində duran son dərəcə mühüm məsələləri birgə müzakirə etdikləri, həll yolları axtardıqları, bir-biri ilə fikir və təcrübə mübadiləsi apardıqları yerə çevrilib.

Forumda 4 prezident, 2 baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edib. Dünyada möhtərəm qonaqlarının bu cür sayı ilə öyünə biləcək platforma çox azdır. Bu tədbirdə iştirak etmək istəyənlərin sayı isə il ötdükcə yalnız artır.

Tədbirin ilk günündə iştirakçılara müraciət edən Prezident İlham Əliyev Forumun proqramının əhatəli olduğunu və Yaxın Şərq, Afrika və Qərbi Balkanlarla əlaqəli bütün mövzuları, o cümlədən beynəlxalq gündəliyin mərkəzində duran məsələləri əhatə etdiyini qeyd edib.

"Onu deyə bilərəm ki, Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur. Əlbəttə ki, bu, həmsədrlərin, bütün idarə heyətinin düşünülmüş və səmərəli fəaliyyətinin təzahürüdür", - Prezident İlham Əliyev deyib.

Sonrakı üç gün ərzində təşkil edilmiş panel müzakirələrdə iştirakçılar qlobal təhlükəsizlik üçün təhlükə törədən bir sıra məsələləri müzakirə ediblər.

Forumda geniş müzakirə olunan mövzulardan biri sülh və stabillik axtarışı və münaqişələrin həlli məsələsi olub. Azərbaycan 44 günlük müharibə ilə 30 illik münaqişəni həll edərək öz torpaqlarını erməni işğalından azad edib. Bu sadəcə mühüm nailiyyət deyil, həm də effektiv siyasi strategiya modelidir. Bu gün, ikinci Qarabağ müharibəsindən sonra Azərbaycan həmçinin münaqişə sonrası zonaların necə uğurla bərpa olunduğuna dair nümunə kimi çıxış edə bilər. Hazırda Azərbaycan Qarabağda və Şərqi Zəngəzurda iri infrastruktur layihələr reallaşdırmaqdadır. Bu, bütün dünyadan bir çox tərəfdaşı cəlb edir. Məsələn, bp kimi şirkətlərin bu prosesə ilk qoşulanlardan biri olması onların Azərbaycana sadəcə sülhə nail olmuş bir dövlət kimi deyil, həm bu sülhü qoruyub saxlaya biləcək ölkə kimi inandığı anlamına gəlir.

Forum iştirakçıları tərəfindən müzakirə olunan daha bir mühüm məsələ Avrasiyadakı enerji və nəqliyyat dəhlizlərinin rolu olub. Avropadakı enerji böhranının fonunda Azərbaycanın bu problemin həllindəki rolu artıb. Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətində dediyi kimi, Azərbaycan bu baxımdan həmişə etibarlı tərəfdaş olub. Bu gün 10 Avropa ölkəsi Azərbaycan qazına çıxış əldə etmək niyyətini bildirib. Yenə də, qlobal enerji böhranı şəraitində Azərbaycan Avropa Komissiyasının ilk müraciət etdiyi və qaz tədarükünün artırılması haqqında memorandum imzaladığı ölkə olub.

Enerji keçidi forum iştirakçılarının müzakirə etməli olduğu məsələ oldu. Təmiz enerji mənbələrinə keçid Azərbaycanın 2030-cu ilədək strategiyasının əsas sütunlarından birini təşkil edir.

"Məlumat vermək istəyirəm ki, IX Qlobal Bakı Forumundan indiyədək Azərbaycan dünyanın bir neçə aparıcı enerji şirkətləri ilə müqavilə və anlaşma memorandumları imzalayıb. Bunun nəticəsində Azərbaycanda günəş və külək enerjisindən 25 qiqavat həcmində yaşıl enerji əldə olunacaq. Bu, gözəl nailiyyətdir, Azərbaycanı beynəlxalq yaşıl enerji bazarında vacib təchizatçıya və oyunçuya çevirəcək. Biz yaşıl hidrogeni ixrac etməyi planlaşdırırıq. Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Xəzər dənizində bizim külək enerjisi potensialımızla bağlı yekun dəyərləndirməni başa çatdırıb və onun 157 qiqavat olduğunu təsbit edib. Buraya quruda olan daha 40 qiqavat potensialı da əlavə etmək olar. Bu, dünya enerjisinin gələcəyidir və Azərbaycanın gələcəyidir. Enerji sahəsində keçid olduqca sürətli gedir", - Prezident İlham Əliyev deyib.

Nəqliyyat dəhlizlərinə gəlincə, prinsipcə Azərbaycan bu məsələnin müzakirəsi üçün ən yaxşı yerdir. Şərq və Qərbin kəsişməsində yerləşən Azərbaycan bu baxımdan ən əlverişli və perspektiv ölkələrdən biridir. Ölkənin hazırda reallaşdırdığı Zəngəzur dəhlizi həm enerji, həm də nəqliyyat dəhlizi kimi fəaliyyət göstərəcək. Təkcə bu layihə regionun bütün iştirakçıları üçün böyük imkanlar yaradacaq.

Beləliklə, yuxarıda deyilənləri nəzərə aldıqda Qlobal Bakı Forumunun dünya liderləri arasında bu cür nüfuz qazanması heç də təəccüblü deyil. Bu qədər məsələnin vahid tədbir çərçivəsində həlli onun əhəmiyyətindən xəbər verir. Bütün bunlar bir daha Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında doğru istiqamətə yönəldiyini və yeni dünya nizamında Bakının təşəbbüslərinin nəzərə alınacağını isbat edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti