...

DİN-in sabiq generalı güc strukturlarının və məhkəmə sisteminin ünvanına ciddi ittihamlar irəli sürüb

Cəmiyyət Materials 26 Oktyabr 2007 16:48 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Mənim həbsim daxili işlər naziri Ramil Usubovun vəzifədən çıxarılması və tutulması üçün lazım idi. Bunu cümə axşamı Bakı Apellyasiya Məhkəməsində Baş-Cinayət Axtarış İdarəsinin sabiq əməliyyat müvəkkili Hacı Məmmədov və onun başçılıq etdiyi dəstənin üzvlərinin apellyasiya şikayəti üzrə keçirilən prosesdə idarənin sabiq rəisi Zakir Nəsirov bildirib.

Məhkəmənin hökmündən Məmmədov və dəstənin 22 üzvü apellyasiya şikayəti verib. Məmmədov və rəhbərlik etdiyi dəstə 1995-ci ildən 2005-ci ilədək 13 qətl və 8 adam oğurluğunda və digər cinayətlərdə iştirakda təqsirləndirilib. Dəstə başçısı Cinayət Məcəlləsinin 80 maddəsi ilə təqsirli bilinərək, barəsində, əmlakı müsadirə olunmaqla, ömürlük həbs cəzası çıxarılıb.

Dəstənin 10 üzvü məhkəmənin hökmü ilə ömürlük, digər üzvləri isə 8 ildən 15 ilədək həbs çəzası alıblar. İbrahim Bağırov isə dövlətə vurduğu ziyanı ödədiyi üçün azad olunub.

Nəsirov bildirib ki, onun vasitəsilə Usubova çıxmaq daha asan idi.

Özünü elan olunmuş ittihamlarda təqsirli bilməyən Nəsirov bildirib ki, yeganə təqsiri işçisi Hacı Məmmədovun cinayətkar fəaliyyətindən xəbərsiz olmasıdır: "Həbsdə olduğum 2 il 3 ay ərzində, əlim göydə, Allaha yalvarıram ki, heç olmazsa, bu cinayətlərin birini də mən etmiş olaydım. Yeganə təqsirim Hacının cinayətkar fəaliyyətindən xəbərsiz olmağımdır. Buna görə məni məhkəmə bağışlasa da, özüm-özümü heç vaxt bağışlamayacam".

Sabiq İdarə rəisi çıxışında güc strukturlarının və məhkəmə sisteminin ünvanına ciddi ittihamlar irəli sürüb. Nəsirovun sözlərinə görə, adıçəkilən qurumlara Hacı Məmmədovun cinayətlərinin obyektiv araşdırılması sərf etmir. Nəsirov iddia edir ki,"Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətlini təşkil edənlər Hacı Məmmədovu mərhum jurnalisti dəstəsinin qətlə yetirdiyi barədə ifadə verməyə məcbur edən şəxslərdir: "Həmin şəxslər mənə də belə ifadə verməyi təklif etdilər. Mən bunu etmədim və edə bilməzdim də".

Hacı Məmmədovun cinayətlərindən əvvəlcədən xəbərdar olub hüquq-mühafizə orqanlarına məlumat verməməsi ilə bağlı ittihama münasibət bildirən sabiq idarə rəisi deyib ki, dəstənin cinayətləri barədə 2003-cü ilin avqustunda Rəna Nəsibova Baş Prokurorluğa və Milli Təhlükəsizlik Nazirliyinə məlumat verib: "Amma həmin məlumatdan sonra Hacı Məmmədov ifşa olunmadı. Mən Hacının cinayətlərini gizlətdim, pis adam oldum, bəs, onlar niyə göz yumdular bu cinayətlərə?"

Baş Prokurorluğun kriminalisti Rövşən Əliyevin qətli ilə bağlı ifadəsində sabiq idarə rəisi bildirib ki, 500 min dollar pul üstündə Hacı Məmmədovla Rövşən Əliyev arasında razborka düşüb: "O pul baş prokuror Zakir Qaralova çatmalıydı. Rövşən vasitəsilə Qaralov Hacının bütün cinayətlərindən xəbərdar idi. Rövşən bu işlə bağlı Qaralova həmişə mməlumat verirdi.Rövşən Əliyevin ölümünün motivini kimsə öyrənmək istəyirsə, Hacı Məmmədovun bununla bağlı verdiyi ifadəsinin kasetinə qulaq assın. Azər İsmayılovun ölümü ilə bağlı 500 min dollar kimə, necə çatmalıydı, hamısı aydın olacaq".

AFFA-nın keçmiş vitse-prezidenti, "qara polkovnik" ləqəbli Fətulla Hüseynovun qətli epizodu ilə bağlı Zakir Nəsirov bildirib ki, Hacı Məmmədovun bacısı oğlu Elçin Əliyevlə Fətullayevin oğlu Adil Hüseynov arasında pul mübahisəsi olub və qətlə də həmin mübahisə səbəb olub: ""Kapitalbank"ın Nəsimi filialında Elçinlə Adil şərik olub və onların mübahisələri yaranıb. Hacı Adili aradan götürmək istəyirdi. Sonra fikrini dəyişib, Hacı bilirdi ki, Adili öldürsəydi, Fətulla Hüseynov onu şumlayacaqdı, ona görə də oğlunu yox, Fətullanı öldürdü".

Sabiq idarə rəisi Hacı Məmmədovun cinayətlərində Elçin Əliyevin birbaşa iştirak etdiyini, bu cinayətlərdən xəbərdar olduğunu deyib. Bildirib ki, Elçin Əliyevin Bakıda Rəşid Behbudov küçəsində 4, Xətai rayonunda 4, Nərimanov rayonunda 1 evi, onlarla bahalı avtomobili, mağazaları olub. Q.Qarayev keçəsindəki "Okean" mağazasının özəlləşdirilməsi zamanı Elçin Əliyev problemlə rastlaşdığından, bu işdə ona sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev kömək edib: "Elçinin bacısı Lalə bu işlə bağlı Fərhad Əliyevin yanına gedib. Mağazanın Lalənin adına özəlləşdirilməsi onun Fərhad Əliyevlə yaxın münasibətlərindən sonra mümkün olub".

Nəsirov çıxışında bildirib ki, əvvəllər vətənə xəyanətə (57-ci maddə) görə axtarışda olan Zakir Qaralov Nəsimi rayon prokuroluğuna müstəntiq qoyulub, sonra isə Baş Prokurorluğa rəhbər təyin olunub.

Sabiq İdarə rəisi Hacı Məmmədovun rəhbərlik etdiyi dəstənin cinayət işini araşdıran istintaq qrupunun üzvlərinin bu işdən sonra paytaxtın ayrı-ayrı ərazilərində çoxsaylı mənzillər aldığını bildirib və bu faktın baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev tərəfindən araşdırılmasını tələb etdi.

Nəsirov çıxışının sonunda məhkəmədən, onun barəsində ədalətli qərar çıxarılmasını xahiş etdi.

Dəstə bağçısı Məmmədov vəkil Adil İsmayılov və Zakir Nəsirovun çıxışına münasibət bildirib və onların dediklərini yalan və böhtan kimi qiymətləndirib. Məmmədov MTN, Baş Prokurorluq və məhkəmələr tərəfindən müdafiə olunması ilə bağlı vəkil İsmayılovun dediklərinə etiraz edib. Məmmədov bildirib ki, onu arxayın etməsəydilər, 1 saat ərzində Azərbaycanı tərk edə bilərdi. "Mən qatiləm, pis adamam. Amma məndən də qat-qat pis adamlar var. Adil İsmayılovun mənim barəmdə ittihamedici fikirlər söyləməyə mənəvi haqqı yoxdur",-deyə Məmmədov çıxışını yekunlaşdırıb.

Nəsirovun ittihamlarına münasibət bildiriən Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev Trend ə bildirib ki, Hacı Məmmədovun cinayətkar dəstəsi prokurorluq orqanları tərəfindən ifşa olunub və dəstə üzvləri cinayət məsuliyyətinə cəlb olunublar. Prokurorluğun məlum tədbirlərinin təqsirləndirilənlərin xoşuna gəlmədiyini təbiii sayan Əliyev, prokurorluğun ünvanına səsləndirilən ittihamları ayrı-ayrı şəxslərin sayıqlaması kimi qiymətləndirib.

MTN-in İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev isə, Nəsirovun ittihamlarına münasibət bildirimək istəməyib və bildirib ki, Məmmədovun dəstəsinin işi ilə bağlı məhkəmə istintaqı aparıldığıdan, məhkəmə prosesində səsləndirilən fikirlərə Baş Prokurorluq münasibət bildirə bilər.

Proses oktyabrın 29-da davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti