Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir M.Əliyev/
Azərbaycan Parlamenti əhaliyə sosial xidmətlərin göstərilməsini nəzərdə tutan qanun layihəsinin ictimai müzakirələrinə başlayır.
"Sosial xidmət haqqında" qanun layihəsi gələn həftədən etibarən Milli Məclis deputatlarının iştirakı ilə Bakı Dövlət Universitetinin Sosial iş kafedrasında müzakirəyə çıxarılacaq", - çərşənbə günü Trend-ə deputat, Milli Məclisin Sosial siyasət komitəsi sədrinin müavini Musa Quliyev bildirib.
Onun sözlərinə görə, yeni qanunla sosial yardıma ehtiyacı olan vətəndaşların kateqoriyaları, sosial yardımın növləri (evdə, dövlət stasionar müəssisələrində, özəl müəssisələrdə) təyin olunacaq.
Bundan başqa, Qırmızı Xaç və Qızıl Aypara beynəlxaıq təşkilatlarının yerli nümayəndəlikləri yanında sosial yardımların verilməsi üzrə mərkəzlərin yaradılması da planlaşdırılır.
"Azərbaycanda sosial xidmətin qanunvericilik əsaslarının yaradılmasından sonra sosial işçilərin statusları, onların hüquq və öhdəlikləri müəyyən ediləcək. Sosial işçilər öz fəaliyyətlərini ictimai əsasda həyata keçirməyəcəklər, öz işlərinə görə dövlətdən əməkhaqqı alacaqlar", - Quliyev deyib.