...

Qarışıq etnik nikahların ən böyük riskləri

Cəmiyyət Materials 30 Oktyabr 2013 15:56 (UTC +04:00)
Bu günlərdə Rusiya telekanalında yayımlanan "Pust qovoryat" verilişində azərbaycanlı Əlibəy və həyat yoldaşı Marina arasında qalmaqallı müzakirə qarışıq etnik nikahlar mövzusunu yenidən gündəmə gətirdi. Bu mövzu ilə bağlı tədqiqatlar aparan sosiologiya elmləri doktoru Əbülfəz Süleymanlı Trend-ə müsahibə verib:
Qarışıq etnik nikahların ən böyük riskləri

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Bu günlərdə Rusiya telekanalında yayımlanan "Pust qovoryat" verilişində azərbaycanlı Əlibəy və həyat yoldaşı Marina arasında qalmaqallı müzakirə qarışıq etnik nikahlar mövzusunu yenidən gündəmə gətirdi. Bu mövzu ilə bağlı tədqiqatlar aparan sosiologiya elmləri doktoru Əbülfəz Süleymanlı Trend-ə müsahibə verib:

- Qarışıq etnik nikahları sosioloji nöqteyi-nəzərdən neçə qiymətləndirisiniz? Bu nikahların uğursuzluğa düçar olması riski çoxmu yüksəkdir?

- Ölkələrarası gediş-gəlişlərin artdığı, kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi və qloballaşmanın vüsət aldığı müasir dövrdə qarışıq nikahların bütün dünyada artması müşahidə olunur. Xüsusilə, uzun illər eyni dövlətin sərhədlərində yaşayan xalqlar arasında qarışıq nikahlara daha çox təsadüf olunur. Bu növ nikahlar həyatın reallığına çevrilir. Bu nikahlarla bağlı çoxlu elmi tədqiqatlar aparılır və bu tədqiqatlar əsasında yeni nəzəriyyə və yanaşmalar müəyyənləşdirilir. Əslində, qarışıq etnik nikahlarda özünü büruzə verən problemlər digər nikah növlərində özünü büruzə verən problemlərdən çox da fərqli deyil. Lakin cütlərin mənsub olduğu mədəniyyətlər arasında çox əsaslı fərqlərin olması müəyyən bir müddət sonra cütlər arasında problemlərin meydana gəlməsinə səbəb olur. Xüsusilə, uşaqların tərbiyəsi, valideynlərindən hansının milli mənsubiyyəti və mədəniyyətini qəbul edəcəyi ilə bağlı məsələlər problemlərin ön cərgəsində durur. Bu mənada qarışıq etnik nikahların ən böyük təhlükələrindən və risklərindən biri ər-arvad arasında meydana gələn hansısa mübahisə, münaqişə və boşanma zamanı uşaqların hansı valideynlə və hansı ölkədə qalması ilə bağlıdır. Lakin bütün bu problemlərə baxmayaraq, bütün bu növ nikahların uğursuzluğa düçar olacağını düşünmək və bunu ümumiləşdirmək səhv yanaşmadır.

- Konkret olaraq, "Pust qovoryat" verilişində iştirak etmiş cütlüyün mübahisəsinə gətirib çıxaran səbəblərlə bağlı nə deyə bilərsiniz?

- Proqramdakı görüntülərdən ailə uzun illər bərabərliyi davam etdirmiş uğurlu bir ailə təsiri bağışlayır. Lakin bir müddət sonra yuxarıda qeyd etdiyimiz bəzi mədəni fərqliliklərdən irəli gələn problemlərin bu ailədən də yan ötüşmədiyi görünür. Əlibəyin də Azərbaycana dönmək arzusu ilə bağlı bir faktı nəzərə almaq lazımdır. Belə ki, insan yaşa dolduqca daha çox öz doğma mühitinə can atır, orada həyatını davam etdirmək istəyir. Əlibəyin bu arzusuna bu cür baxmaq lazımdır. Eyni zamanda, Azərbaycandan xaricdə yaşayan və qız uşağı olan atalar öz qızlarını müəyyən bir yaşdan sonra Azərbaycanda tərbiyə etməyə üstünlük verirlər. Lakin ortada qeyri-müəyyən və mübahisəyə səbəb olan məqam Əlibəyin həyat yoldaşı Marinanın Əlibəyin Azərbaycandakı həyat yoldaşı ilə münasibətlərinin davam edib-etməsindən həqiqətən xəbərdar olub-olmamasıdır. Marina "xəbərim yoxdur" deyir, Əlibəy isə əksini iddia edir. Bu məsələdən başqa, Marina Əlibəylə bağlı hər hansı bir mənfi halı qeyd etmədi. Əlibəy övladlarına sahib çıxan, ailəsini qorumağa çalışan qayğıkeş ata obrazı nümayiş etdirir.

- Proqramda baş verən xoşagəlməz faktla bağlı məsələyə münasibətiniz necədir?

- Proqrama diqqətlə baxdığımız zaman xüsusilə Marinanın anasının, qardaşının və başqa yaxın qohumlarının Əlibəyi və onun qardaşını provokasiyaya sövq etdikləri açıq-aydın hiss olunur. Bu provokasiyalar qarşısında Əlibəyin özünü müdafiə instinkti ilə səsini yüksəltməsi, cavab xarakterli hərəkət və sözlər işlətməsi studiyadakı ümumi gərgin ab-hava ilə bağlı idi. Bunun üçün də Azərbaycanın bəzi xəbər portallarında "Əlibəy bizi biabır etdi" tərzindəki xəbərlərin yersiz və həqiqətəuyğun olmadığını düşünürəm. Eyni zamanda, proqramda ekspert qismində iştirak edən və milliyətcə azərbaycanlı olan Ramin bəy və Mehriban xanımın təmkinli yanaşması və barışdırıcı mövqeləri çox təqdirəlayiq idi. Bir məqamı da xüsusilə qeyd etmək istəyirəm: bu cür məişət zəminində baş verən hadisəni əldə əsas tutaraq bir xalqın mədəniyyətini, dəyərlərini təhqir etmək yolverilməzdir və hesab edirəm bu, heç bir xalqa başucalığı gətirmir. Təəssüflər olsun ki, son zamanlar millətimizə, məişətimizə və mədəniyyətimizə ünvanlanmış bu cür haqsız iddialar və təhqirlər artmağa başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti