...

Azərbaycanda yaşayan entik qrupların dili yeni aspektdə öyrəniləcək

Cəmiyyət Materials 1 Dekabr 2014 17:12 (UTC +04:00)
Azərbaycanda yaşayan azsaylı xalqların dilində sosial faktorlar – dillərarası əlaqələrdə sözlərin, deyim tərzlərinin bir-birinə keçməsi məsələsi öyrəniləcək.
Azərbaycanda yaşayan entik qrupların dili yeni aspektdə öyrəniləcək

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda yaşayan azsaylı xalqların dilində sosial faktorlar - dillərarası əlaqələrdə sözlərin, deyim tərzlərinin bir-birinə keçməsi məsələsi öyrəniləcək. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun Sosiolinqvistika və dil siyasəti şöbəsinin müdiri Mayıl Əskərov deyib.

Onun sözlərinə görə, bu tədqiqata gələn ildən başlamaq nəzərdə tutulur. Tədqiqatlar zamanı azsaylı xalqların dili müxtəlif aspektlərdən öyrəniləcək: "Məsələn, saxur və azərbaycanlıların yaşadığı iki qonşu kənd arasındakı söz mübadiləsi hansı səviyyədədir, hansı dilin hansı dilə təsiri özünü necə göstərir? Bu təsir rayon səviyyəsində özünü necə göstərir? O dillərdən Azərbaycan ədəbi dilinə keçən sözlər varmı? Həmin dillərdən Azərbaycan dilinə keçən sözlərin faizi necədir? Bu sözlər Azərbaycan dilinin fonetikasına təsir edə bilibmi? Bu tədqiqatlar zamanı bir növ millətlərarası əlaqələrin dilə təsiri araşdırılacaq".

M.Əskərovun sözlərinə görə, entik qruplarının dillərinin tədqiqatı ilə bağlı məsələlər gələn də davam etdiriləcək. Ancaq bu tədqiqatlar mütəxəssislərin mövcud sayına uyğun aparılacaq.

Bu gün Azərbaycanda entik qrupların dillərinin öyrənilməsi ilə bağlı kadr çatışmazlığının olduğunu deyən M.Əskərov bildirib ki, bu səbəbdən bütün dillərin eyni anda və keyfiyyətli tədqiqi çətindir: "Kimsə 2-ci, 3-cü xarici dil kimi entik qrupların dilini öyrənmir. Buna görə də bu məsələdə ilk iş həmin dil daşıyıcılarının üzərinə düşməlidir. Yaxşı olardı kı, etnik qrupların ali savadlı dilçi nümayəndələri doktoranturaya daxil olmaqla öz dillərini həm tədqiq, həm də təbliğ etsinlər".

Azərbaycanda yaşayan etnik qrupların demək olar ki, hamısının dilinin indiyədək müxtəlif səviyyələrdə öyrənildiyini deyən alim qeyd edib ki, şöbə tərəfindən Xınalıq dili indiyədək tədqiq edilməyib. Buna baxmayaraq, respublikada Xınalıq dilinin tədqiqatları var: "Bəzi hallarda biz özümüz o dili öyrənməsək belə, müəyyən mütəxəssislərlə əməkdaşlıq çərçivəsində həmin dillə bağlı faktları özümüzünküləşdirə bilirik. Amma təbii ki, bu da tam effekt vermır. Ən ideal odur ki, elə öz mütəxəssislərimiz olardı və özümüz müstəqil tədqiqatlar aparardıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti