Azərbaycan, Bakı, 20 may /Trend/
"AtaBank"nın dəstəyi ilə "AtaHolding" Şirkətlər Qrupunun əməkdaşları arasında keçirilən mini futbol turnirinə yekun vurulub. Gərgin və maraqlı keçən yarışın qalibi adına "No Name" komandası layiq görülüb. Ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan turnirin mükafatçıları mayın 19-da rəsmiləşib. Tennis Akademiyasında baş tutan həlledici görüşlərdə öncə üçüncü yerin sahibi bilinib. Bu qarşılaşmada MXD "AtaCard"ı sınağa çəkib. Qrup mərhələsi və pley-off oyunları ilə müqayisədə daha çox azarkeşin izlədiyi matç dramatikliyi ilə diqqət çəkib. İlk hissəni 1:0 hesabı ilə öndə bitirən MXD ikinci hissədə üstünlüyü əldən verib. Əsasən əks-hücumlara bel bağlayan "AtaCard" görüşün başa çatmasına 7 dəqiqə qalmış istəyinə çataraq, status-kvonu bərpa edib. Lakin bu, son qol olmayıb. Bütün komanda ilə hücuma atılan MXD qarşılaşmanın başa çatmasına saniyələr qalmış qələbə topunu vurub - 2:1. Bununla da onlar turnirin üçüncüsü adına sahib olublar.
Ardınca "No Name" və "AtaTexnologiya" komandaları turnirin ən güclüsünü müəyyənləşdiriblər. Tərəfdarlar, sözün əsl mənasında, adına layiq finala şahidlik ediblər. Matçın əsas vaxtında hücumlar bir-birini əvəzləsə də, nə "No Name", nə də "AtaTexnologiya" hesabı aça bilməyib. Onların fərqlənməsinə qeyri-dəqiqlik və ya qapıçıların əla reaksiyası mane olub.
Əsas vaxt 0:0 hesabı ilə başa çatdığı halda, əlavə 10 dəqiqədə qapılara 2 qol vurulub: 55-ci dəqiqədə "No Name" hesabı açıb. Bundan sonra görüşün belə başa çatacağını gözləyənlər isə yanılıblar. "AtaTexnologiya"nın üzvləri qurduğu gözəl kombinasiya sayəsində baxımlı qol vuraraq, "adsız komanda"nın vaxtından tez sevinməsinə imkan verməyiblər. Nəticədə çempion penaltilər seriyasında müəyyənləşib. Burada isə daha dəqiq olan "adsız komanda" adını çempionatın tarixinə yazdırıb.
Beləliklə, 1 ay davam edən uzun marafon "No Name"in qələbəsi ilə başa çatıb. "AtaTexnologiya" ikinci yeri tutduğu halda, MXD ilk "üçlüyü" qapayıb.
Oyunlar başa çatdıqdan sonra turnirin mükafatlandırma və rəsmi bağlanış mərasimi keçirilib. Çempiona 3500, 2-ci yeri tutan komandaya 2500, 3-cü pillənin sahibinə isə 1500 manat pul mükafatı verilib.
Bağlanış mərasimində yarışın ən yaxşılarının da adları açıqlanıb. Turnirin ən yaxşı oyunçusu "Synergetic"in lideri Emin Aydəmirov seçilib. Yarışın bombardiri isə Fərid Huseynov ("AtaTexnologiya") olub. Habelə, Kənan Əhmədov və Cahangir Qənizadə ən yaxşı qapıçı nominasiyasında rəqiblərini qabaqlayıblar. Onlar hərəyə ən yaxşılar üçün nəzərdə tutulan 500 manatla mükafatlandırılıblar.
19 may
3-cü yer uğrunda görüş
MXD - "AtaCard" - 2:1
QOLLAR: Fərid Paşayev, 5; Faiq Baxşıyev, 50 - Murad Əlizadə, 43
Final
"No Name" - "AtaTexnologiya" - 0:0 (1:1, pen, 6:5)
Qollar: Erkin Əsədov, 55 - Yaşar Qəhrəmanov, 58
Penalti seriyası:
"No Name": Hüseyn Xəlilov (1:0), Fuad Sadıxov (2:1), Miryaqub Dadaşov (3:2), Tural Qurbanov (4:3), Erkin Əsədov (5:4), Hüseyn Bayramov (5:5), Kamran Məmmədov (6:5)
"AtaTexnologiya": Fərid Hüseynov (1:1), Ramiz Boqdanov (2:2), Yaşar Qəhrəmanov (3:3), Mədət Mustafayev (4:4), Cahangir Qənizadə (5:5), Mais Yusifov (5:5), Ömər Əlili (5:6)