...

Bakıda turizmin davamlı inkişafı üçün dağ idman növlərinin rolu ilə bağlı beynəlxalq konfrans öz işinə başlayıb (FOTO)

İdman Materials 24 Oktyabr 2013 12:21 (UTC +04:00)
Bakıda "Dünyanın dağlıq regionlarında turizmin davamlı inkişafı üçün dağ idman növlərinin Qafqaz nümunəsində mühüm rolu" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.
Bakıda turizmin davamlı inkişafı üçün dağ idman növlərinin rolu ilə bağlı beynəlxalq konfrans öz işinə başlayıb (FOTO)

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir M.Əliyev/

Bakıda "Dünyanın dağlıq regionlarında turizmin davamlı inkişafı üçün dağ idman növlərinin Qafqaz nümunəsində mühüm rolu" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

Trend-in məlumatına görə, beynəlxalq konfrans Dağçılıq və Dırmanma üzrə Beynəlxalq Federasiyasının (UIAA) təşəbbüsü, IDEA Kampaniyası, Qərb Universiteti, Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyası və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) birgə təşkilatçılığı ilə keçirilir.

Tədbirdə çıxış edən Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti Hüseynqulu Bağırov bildirib ki, dağçılıq idman növü insanlarda xüsusi qabiliyyət tələb edən idman növüdür: "Lakin bütün bəşəriyyət kimi, dağçıları da təbiətin insan fəaliyyəti qarşısında tab gətirməməsi məsələsi narahat etməlidir". Federasiya prezidenti qeyd edib ki, dağların çox incə ekoloji sistemi ağır təsirlərə məruz qalır: "Bugünkü konfransın da vəzifəsi bütün təbiətsevərlər tərəfindən bu ekosistemin qorunmasına çağırış etməkdir". Azərbaycanın 50% ərazisinin dağlıq olduğunu qeyd edən H.Bağırov bildirib ki, ölkədə 4 min metrdən hündür olan 17 dağ zirvəsi mövcuddur. Bu da dağçılıq idmanının inkişafı üçün geniş imkanlar yaradır: "Əsas məsələ idmançı hüququnun harada bitdiyi və təbiətin hüququnun başladığı yerlə bağlı məsələdə balans yaradılmasıdır".

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, biologiya elmləri doktoru Urxan Ələkbərov tədbirdə bildirib ki, dünyada davamlı inkişaf XXI əsrin əsas prioritetidir. Onun sözlərinə görə, Azərbaycanda davamlı inkişafla bağlı məsələlər uğula həyata keçirilir, bir sıra dövlət proqramları qəbul olunur və nəticələr göz qabağındadır. O qeyd edib ki, son 5 ildə Azərbaycanda 65 min hektardan artıq meşə salınıb. U.Ələkbərov davamlı inkişaf sahəsində bilik və bacarıqların bölüşdürülməsinin vacibliyini vurğulayaraq konfransın əhəmiyyətli olduğunu bildirib.

Dağçılıq və Dırmanma üzrə Beynəlxalq Federasiyanın (UİAA) vitse-prezidenti Peter Farkas bildirib ki, davamlı inkişaf beynəlxalq federasiyanın əsas məqsədlərindən biridir. O vurğulayıb ki, Azərbaycanda dağçılıq idmanına böyük dövlət dəstəyi göstərilir: "Azərbaycan bu sahədə bir çox dövlətlər üçün nümunədir. Mən Azərbaycana səfərim zamanı bu diqqətin şahidi olmuşam".

Dağçılıq və Dırmanma üzrə Beynəlxalq Federasiyanın (UİAA) Dağların Mühafizəsi Komissiyasının prezidenti Linda Makmillan bildirib ki, dünyanın dağlıq regionlarında turizmin davamlı inkişafı üçün dağ idman növlərinin Qafqaz nümunəsində mühüm rolu var. Onun sözlərinə görə, Azərbaycan dağların mühafizəsinə diqqət ayıran ən qabaqcıl ölkələrdən biridir.

Bakıda keçirilən konfransda dağ turizminin inkişaf etdirilməsi üçün səmərəli marketinq proqramlarının hazırlanması, dağ ərazilərinin davamlı inkişafının təmin olunmasında elmi dairələrin iştirakı, dağların mühafizəsi üzrə səmərəli təcrübənin və siyasətin nəzərdən keçirilməsi, həmçinin elmi proqramlar vasitəsilə dağçı turistlərin dağların mühafizəsi monitorinqində fəal iştirakının təmin edilməsi kimi məsələlərin müzakirəsi nəzərdə tutulur.

Qeyd edək ki, Dağçılıq və Dırmanma üzrə Beynəlxalq Federasiyanın "Dağların Mühafizəsi Mükafatı" ("Mountain Protection Award") proqramı çərçivəsində təşkil olunan beynəlxalq konfrans oktyabrın 26-dək işini davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti