...

"Tour de France"ın qalibi "Tour d'Azerbaidjan"da (FOTO)

İdman Materials 1 May 2014 13:43 (UTC +04:00)
Mayın 7-11-də keçiriləcək çoxgünlük “Tour d'Azerbaidjan-2014” veloyürüşünü izləmək üçün ölkəmizə Azərbaycan Velosiped İdmanı Federasiyasının dəvəti ilə velosiped idmanının kifayət qədər tanınmış simaları fəxri qonaq qismində təşrif buyuracaqlar.
"Tour de France"ın qalibi "Tour d'Azerbaidjan"da (FOTO)

Azərbaycan, Bakı, 1 may /Trend/

Mayın 7-11-də keçiriləcək çoxgünlük "Tour d'Azerbaidjan-2014" veloyürüşünü izləmək üçün ölkəmizə Azərbaycan Velosiped İdmanı Federasiyasının dəvəti ilə velosiped idmanının kifayət qədər tanınmış simaları fəxri qonaq qismində təşrif buyuracaqlar.

Federasiyadan Trend-ə verilən məlumata görə, onlardan biri də tanınmış ispaniyalı velosipedçi, nüfuzlu "Tour de France" yarışının qalibi Karlos Sastredir.

39 yaşlı K.Sastre 2008-ci ildə Danimarkanın "CSC-Saxo Bank" komandasının heyətində "Tour de France" veloyürüşünün qalibi adını qazanıb. O yürüş ərzində 3 mərhələdə birinci yerə çıxaraq qələbə sevincini yaşayıb. Ümumiyyətlə, 2008-ci ili Sastrenin həyatında ən aktiv dönəm kimi də xarakterizə etmək olar. Belə ki, o karyerasının pik vaxtında, yəni 2008-ci ildə velosiped idmanının ən nüfuzlu yarışları sayılan "Giro d'İtalia", "Tour de France" və "Vuelta" yürüşlərinin hamısında iştirak etməklə böyük təəccübə səbəb olmuşdu. Xüsusən, dağ mərhələlərində inamlı təsir bağışlayan ispaniyalı velosipedçinin karyerasında, həmçinin "Giro d'İtalia"nın 2 mərhələ çempionluğu var.

2011-ci ilin sentyabrında peşəkar idmançı karyerasını başa vuran K.Sastre velosiped aləmində bir də onunla məşhurdur ki, onun adı 15 illik peşəkar karyerası ərzində bir dəfə belə olsun dopinq qalmaqalında hallanmayıb və buna görə də "Mr.Clean" ləqəbinə layiq görülüb.

"Azərbaycanda velosiped idmanının inkişafı üçün görülən işlərdən xəbərim var. 2 il öncə mənim yaşadığım şəhərin 23 yaşadək velosipedçilərdən ibarət "Smilekers-FPDVS" komandası Azərbaycan turunda iştirak edib və yarışın 2-ci mərhələsinin qalibi olub" - deyə, Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinə müsahibə verən K.Sastre ölkəmiz haqqında xoş təəssüratlarının olduğunu bildirib.

O, Azərbaycan Turunun qısa zaman kəsiyində Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyasına layiq görülməsini yüksək qiymətləndirərək bunu federasiyanın işə peşəkar yanaşması kimi dəyərləndirib: "Azərbaycanda velosiped idmanının inkişafını öz gözlərimlə görmək imkanına malik olacağımdan çox məmnunam. 25 komandanın müxtəlif mərhələli, gözəl peyzajlı yarışda iştirakı ölkə üçün çox əhəmiyyətlidir. Bu işlərin gələcəkdə davamı arzusu ilə Bakıda görüşənədək!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti