...

Bakıda keçiriləcək I Avropa Oyunlarının medalları təqdim olunub (FOTO)

İdman Materials 4 Mart 2015 17:08 (UTC +04:00)
Bakıda keçiriləcək I Avropa Oyunlarının medalları təqdim olunub.
Bakıda keçiriləcək I Avropa Oyunlarının medalları təqdim olunub (FOTO)

Azərbaycan, Bakı, 4 mart /Trend/

Bakıda keçiriləcək I Avropa Oyunlarının medalları təqdim olunub. Trend-in məlumatına görə, qızıl, gümüş və bürünc medallar üzərində dekorativ "Bakı 2015" brendinə uyğun hazırlanmış unikal təsvirlər əks olunub.

Mərkəzində "Bakı 2015" loqotipi olan tərtibat dinamik, heyrətamiz və zəngin mədəniyyətə malik ev sahibi şəhərin metaforasıdır. Medalın əks tərəfi isə Avropa Olimpiya komitələrinin emblemini və mətn simvolunu əks etdirir.

Medalların tərtibatı 2014-cü il Soçi Qış Olimpiya və Paralimpiya Oyunlarının medallarını da hazırlamış məşhur zərgərlik brendi Adamas-la azərbaycanlı rəssam Nərgiz Hüseynovaya məxsusdur. Medallar "Azərsuvenir" şirkəti tərəfindən Azərbaycanda istehsal ediləcək.

Azərbaycanın gənclər və idman naziri və Bakı-2015 Oyunlarının baş icraçı direktoru Azad Rəhimov çıxışında bildirib: "Birinci Avropa Oyunları idmançılarının nailiyyətlərini bu tədbirin özü kimi unikal medal tərtibatı ilə mükafatlandırmaq hər zamankı məqsədimiz olub. Oyunların başlamasına sadəcə 100 gün qalıb və mən əminəm ki, bu möhtəşəm medallar idmançılara ilham verəcək və iyunda baş tutacaq yarışlara geri sayımın başladığı bir müddətdə ictimaiyyətin marağını daha da artıracaq".

Bakı-2015 Oyunlarının İdmançı Xidmətləri və Əməliyyatlar departamentinin direktoru Ceyms Makleod deyib: "Birinci Avropa Oyunlarında medal qazanmaq Bakı-2015 yarışlarında rəqabət aparan idmançıların karyeraları üçün böyük dönüş nöqtəsi olacaq. Medalların tərtibatında həm bu cür nailiyyət qazanma hissi, həm də Oyunlara ev sahibliyi edən Azərbaycana məxsus milli motivlərə eyhamlar əks olunur".

Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq bildirib: "Avropa Oyunları medallarının bədii tərtibatını ictimaiyyətə təqdim etməklə, 100 günlük geri sayımın başlanğıcını qeyd etmək və Bakıda yarışacaq qitənin ən güclü idmançılarının uğurlarını səbirsizliklə gözləmək də həyəcanvericidir. Biz idmançıları özlərini daha yaxşı göstərə biləcəkləri arenalarla təmin edəcəyik. Mən bu gözoxşayan medal tərtibatlarının onların cəhdlərinə qarşılıq verəcəyinə inanıram".

Təqdimetmədə bürünc medal Teymur Məmmədov, gümüş İlham Zəkiyev, qızıl isə Namiq Abdullayevin boynundan asılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti