...

Bank VTB Azərbaycandakı "törəmə"sinin kapitalını ikiqat artıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyun 2013 15:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir A.Axundov/

Bank VTB bu il Azərbaycandakı törəmə bankının nizamnamə kapitalını ikiqat artırmağı planlaşdırır. Trend-in "Praym" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya bankın vitse-prezidenti, bankın Törəmə şirkətlər üzrə departamentinin rəhbəri Mixail Yakunin bildirib.

Yakunun bildirib: "Biz törəmə bankların nizamnamə kapitalını lazımi səviyyədə saxlamaq üçün zəruri olan hər şeyi edirik. 2012-ci ildə VTB Azərbaycandakı törəmə bankına dəstək məqsədilə altı il müddətinə 40,3 milyon rubl həcmində güzəştli kredit təqdim edib. Bunun da nəticəsində bizim Azərbaycandakı bankımızın kapitalı 650 milyon rubla çatıb. Cari ilin planlarına Gürcüstan, Azərbaycan və Belarusdakı törəmə bankların nizamnamə kapitalının artırılması daxildir. Beləliklə, "VTB-Azərbaycan"ın nizamnamə kapitalı təxminən iki dəfə artırılaraq 2,2 milyard rubla çatdırılacaq. Bank qarşısında qoyulan hədəflərə görə iki il ərzində korporativ müştərilərin sayı 8 dəfədən çox, pərakəndə müştərilərin sayı 2 dəfədən çox olmalıdır".

Bankın gözləntilərinə görə, Azərbaycandakı "törəmə"si artıq bu il gəlirlə işləməyə başlayacaq.

Yakunin bildirib: "Bizim iştirak etdiyimiz bazarlarda kapital rentabelliyi (ROE) 15 faiz olaraq müəyyənləşdirilib. Banklarımızın böyük əksəriyyəti 15 faizə çatıb, hətta bu səviyyəni keçib. Bundan əlavə, Anqoladakı bankımızın ROE-si təxminən 47 faiz təşkil edir. Əlbəttə, bizim elə banklarımız (Azərbaycan və Qazaxıstan) var ki, 15 faizlik rentabelliyə çatmayıb. Bu, bizim yenicə inkişaf etdirməyə başladığımız "start-up"lardır. Təbii ki, onlardan ROE-nin 15 faizə çatdırılmasını tələb etmək hələ tezdir. Lakin bu "törəmə"lər də ötən ili minimum zərərlə başa vurmaqla biznes-planın göstəricilərini üstələyirlər. Bu il Azərbaycan və Qazaxıstan artıq müsbət göstəricilərə nail olurlar. Bizim Azərbaycandakı bankımız bu ilin ilk rübündə fəaliyyəti boyu ilk dəfə müsbət göstərici əldə edib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti