...

VTB Bank: Azərbaycanın bank bazarı ən dinamik inkişaf edən bazarlardan biridir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Avqust 2014 15:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir Zülfiyyə Qurbanova/

Azərbaycanın bank bazarı ən dinamik inkişaf edən bazarlardan biridir. Bu barədə cümə günü Trend-ə "VTB Bank"ın böyük vitse-prezidenti, Törəmə şirkətlər departamentinin rəhbəri Mixail Yakunin bildirib.

Onun sözlərinə görə, Azərbaycanın postsovet məkanı ölkələri arasında çox yaxşı makroiqtisadi göstəriciləri var: "Diqqətəlayiq haldır ki, ölkə iqtisadiyyatı təkcə neft sektorunun hesabına deyil, həm də sənayenin və digər sahələrin hesabına inkişaf edir. Ölkə iqtisadiyyatında neft sektorunun payı son vaxtlar azalıb və bu ciddi müsbət məqamlardan biridir".

M.Yakunin qeyd edib ki, ümumi iqtisadi vəziyyət, bank sektorunun təqribən 10 faiz artımı, kifayət qədər sabit valyuta məzənnəsi Azərbaycanda bank biznesi üçün əlverişli şərait yaradır.

Onun sözlərinə görə, Azərbaycanda "VTB Bank"ın törəməsinin - "Bank VTB (Azərbaycan)" - uğurlu dinamik inkişafının yekunlarından biri bankın ölkə bazarında cari vəziyyəti gözəl anlayan və onun ekspert qiymətləndirilməsini aparan "AtaHolding" ASC ilə əməkdaşlıqda "sıfırdan" yaradılmasıdır: "Məhz Azərbaycan və Rusiya bank bazarlarının ekspertizasının bu uyğunluğu uğurlu nəticələrə gətirib çıxardı. Bank əvvəlki üçillik strategiyasında qoyulmuş məsələləri yerinə yetirdi, müsbət maliyyə nəticələri əldə etdi".

O, əlavə edib ki, ötən il Azərbaycanın törəmə bankının qayıdan kapitalı təqribən 18 faiz təşkil edirdi ki, bu da çox yaxşı göstəricidir.

M.Yakuninin sözlərinə görə, hazırda bank Azərbaycandakı törəmə strukturunda öz payını artırmağı planlaşdırmır: "Tərəfdaşlarımızla mövcud nisbət bizi tam qane edir. Hesab edirik ki, nail olduğumuz səmərəliliyin rəhni də məhz bundan ibarətdir".

Azərbaycandakı fəaliyyətin gələcəkdə inkişaf etdirilməsi məsələsinə toxunan M.Yakunin bildirib ki, cari ildə ümumilikdə VTB qrupu, eləcə də onun hər bir törəmə strukturu üçün üçillik strategiya qəbul edilib: "Biz sonrakı üç ildə səmərəliliyin artırılmasına, yəni məhsul xəttinin genişləndirilməsinə, yeni xidmətlərin göstərilməsinə üstünlük verəcəyik. Bu o deməkdir ki, bank daha çox qayıdan kapital verməli, daha səmərəli olmalıdır".

O bildirib ki, bu strategiya çərçivəsində "Bank VTB (Azərbaycan)" sonrakı 3 il ərzində ölkə banklarının TOP-10-na çıxmaq niyyətindədir.

Böyük vitse-prezidentin sözlərinə görə, "VTB Bank" Azərbaycanda biznesin digər sahələrində öz iştirakının mümkünlüyünü istisna etmir, lakin hazırkı məqamda bu məsələyə baxılmır: "Biz belə imkanı istisna etmirik. Həqiqətən də bazar çox maraqlıdır, dinamik inkişaf edir. Lakin indiki məqamda genişləndirmə, yaxud başqa bankların alınması məsələsinə baxmırıq".

Bank VTB (Azərbaycan) ASC "Bank VTB" ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları "Bank VTB" ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznes, kiçik biznes və fərdi müştərilərə xidmətlər göstərir. Bu gün bank 6 filial və baş ofisdə yerləşən Müştəri xidmətləri idarəsi ilə təmsil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti