Trend - un fars redaksiyasının rəhbəri Dalğa Xatınoğlu
İranın enerji naziri Pərviz Fəttah oktyabrın 19 - da İRNA agentliyinə müsahibəsində bildirib ki, nazirliyin qarşısında olan ən böyük problem elektrik stansiyalarında generatorları yanacaqla təmin etməklə bağlıdır.
İran rəsmiləri son 6 ayda ölkənin müxtəlif şəhərlərində elektrikin gün ərzində 2-4 saat kəsilməsini yağıntıların azalması ilə əlaqələndirilər. Baxmayaraq ki, hazırda ölkənin elektrik istehsalının 15 faizi su - elektrik stansiyalarının payına düşür və stansiyaların 85 faizi qaz və neft yanacağı ilə təmin olunur.
Elektrik enerjisindən istifadə üzrə artım İranda ildə 8 faiz təşkil edir, buna rəğmən, stansiyaların istehsal həcmi buna uyğun olaraq artmır.
Mərkəzi bankın rəsmi hesabatına görə, Əhmədinejadın prezidentlik dövründə (2005 - ci ildən indiyədək) elektrik istehsalı üzrə artım ildə 8.1% - dən 6.9 faizə düşüb. Bunun səbəbi isə, qaz və neft yanacağından istifadə edən elektrik stansiyalarına lazımi miqdarda sərmayə yatırılmaması və bu sahədə tələbatla müqayisədə inkişafın olmaması ilə əlaqədardır. İrana qarşı BMT TŞ -nin tətbiq etdiyi sanksiyalar nəticəsində xarici şirkətlərin neft və qaz sahəsində ölkəyə sərmayə yatırmaqdan boyun qaçırmaları da dolayısıyla elektrik probleminin yaranmasına səbəb olub.
Bundan əvvəl enerji naziri Fəttahın müavini Abbas Əliabadi bildirmişdi ki, qış mövsümündə elektrik stansiyalarının yanacaq təminatı üçün 137 milyon kubmetr təbii qaz, yaxud onu əvəz edən digər yanacaq lazım olacaq.
Ölkədə neft və qaz problemi
Hazırda İranın enerji səbətində 49% qaz, 48% neft, 1% daş kömür, 2% isə, su ilə işləyən elektrik enerjisi mənbələrinin payına düşür. İran hazırda sutkada 450 milyon kubmetr qaz isteshal edir.
Qaz ehtiyatları baxımından İran dünyada III yeri tutsa da, onun istehsal etdiyi qaz daxili tələbatını ödəmir. Beynəlxalq sanksiyalar səbəbindən 2015 - ci ildək, ümumiyyətlə, İranın xarici ölkələrə qaz ixrac edə bilməsi sual altındadır. Neft sahəsində də analoji problemlər az deyil.
İranın hazırda sutkada 3,9 mln. barel xam neft istehsal edir, bu neftin 1,8 mln. bareli daxili tələbata sərf olunur. Nəzərə alsaq ki, hər il ölkədə enerji məsrəfləri 11% artır, 8 -9 ildən sonra İranın faktiki olaraq xarici ölkələrə ixrac etmək üçün nefti qalmayacaq.
Rəsmi Tehran uranın zənginləşdirilməsi proqramını davam etdirdiyindən, ona qarşı tətbiq olunan beynəlxalq sanksiyalar nəticəsində, son bir ildə dünyanın böyük neft və qaz şirkətləri, o cümlədən Total, Shell, Statoil və s. İranda yeni sərmayələr yatırmaqdan imtina ediblər.
İran son üç ildə neftin qiymətinin artmasından 197 milyard dollar gəlir əldə edib, hazırda Ehtiyat Valiyuta Fondunda 100 milyard dollar həcmində vəsaitin olması gözlənilirdi, lakin bu göstərici 14 milyarddan da azdır. Digər tərəfdən, hökumət bəyan edib ki, müxtəlif sahələrdə olan problemləri, o cümlədən daxili banklara olan borcunu ödəmək və s. məsələləri həll etmək üçün yenə də Ehtiyat Valyuta Fondundan vəsait götürməyə məcburdur.
Son üç ildə İranda bazara ayrılmış vəsait iki dəfə artaraq 135 milyard dollara çatıb, bu isə ölkədə inflyasiyanın 29% faizə çatmasına səbəb olub.
Nəzərə alsaq ki, İranın ixrac dövriyyəsindən əldə etdiyi gəlirlərin 85% - i neftə bağlıdır, iyun ayında 147 dollara satılan neftin qiymətinin hazırda 72 dollara enməsi ölkə iqtisadiyyatını tamamilə böhrana sala bilər. İran hökumətinin bu böhranı necə qarşılayacağı və bu böhrana qarşı hansı tədbirlər görəcəyi isə, məlum deyil.
Müəllifə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]