...

Azərbaycanda "Microsoft Imagine Cup" müsabiqəsi elan olunub (FOTO)

Telekommunikasiya Materials 21 Noyabr 2016 17:54 (UTC +04:00)
Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Microsoft Azərbaycan” şirkəti və “Nar” mobil rabitə operatoru “Microsoft Imagine Cup – 2017” innovasiya müsabiqəsinin milli seçim turuna start verib.
Azərbaycanda "Microsoft Imagine Cup" müsabiqəsi elan olunub (FOTO)

Bakı. Trend:

Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Microsoft Azərbaycan” şirkəti və “Nar” mobil rabitə operatoru “Microsoft Imagine Cup – 2017” innovasiya müsabiqəsinin milli seçim turuna start verib.

Trend-in məlumatına görə, bu barədə bu gün Bakıda keçirilən “Tələbə Günü” tədbirində elan olunub.

“Tələbə Günü” ali və peşə təhsil müəssisələrində təhsil alan tələbələr üçün mövcud imkanlara həsr olunub. Tədbir zamanı iştirakçı tələbələrə yaradılmış imkanlar və “Microsoft Imagine Cup – 2017” müsabiqəsinin şərtləri haqqında ətraflı məlumat verilib.

“Microsoft Imagine Cup” – dünya tələbələri arasında hər il keçirilən ən miqyaslı innovasiya müsabiqəsidir. Azərbaycanda sözügedən müsabiqə artıq üçüncü dəfə təşkil olunur. Müsabiqə çərçivəsində ali və peşə təhsil müəssisələrinin tələbələrindən ibarət komandalar üç kateqoriya üzrə iştirak edə bilər: “İnnovasiya”, “Dünya vətəndaşlığı” və “Oyunlar”. Müsabiqədə iştirak etmək üçün “Microsoft” platforması üzərində innovativ proqram layihəsi, “Microsoft” texnologiyaları əsasında müasir dövrün problemlərini həll edən tətbiqin prototipini və ya istənilən “Microsoft Windows” platformaları üzərində orijinal oyun hazırlamaq lazımdır.

“Microsoft Imagine Cup – 2017” müsabiqəsi Azərbaycan Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Microsoft Azərbaycan” şirkəti və “Nar” mobil rabitə operatorunun təşkilatçılığı ilə keçirilir. Müsabiqə “SABAH Qrupları”, “Code Academy”, “İT Step Akademiyası” və “Youth Inc.” Gənclərin Sahibkarlıq Proqramı tərəfindən dəstəklənir.

Müsabiqədə iştirak etmək istəyənlər cari ilin dekabrın 25-dək qeydiyyatdan keçməlidir. Müsabiqədə 16 yaşına çatmış ali və peşə təhsil müəssisələrinin tələbələri iştirak edə bilər. Hər komanda eyni və ya müxtəlif universitetlərin 4-dək tələbəsindən ibarət olmalıdır. Komandanın ən azı bir üzvü ingilis dilində sərbəst danışmalıdır.

Gələn ilin yanvarın 1-dən aprelin 15-dək müsabiqəyə hazırlıq işləri aparılacaq, daha sonra isə, aprelin ortalarında, milli turun finalı keçiriləcək ki, nəticədə 3 qalib komanda elan olunacaq. Milli seçim turunun hər bir nominasiyasının qalibi qiymətli hədiyyələrlə təltif olunacaq və ikinci turda – gələn ilin aprel ayının sonunda onlayn rejimdə keçiriləcək beynəlxalq yarımfinalda iştirak etmək şansını əldə edəcək.

Qeyd edək ki, Azərbaycanı təmsil edən komanda ötən “Microsoft Imagine Cup – 2015” müsabiqəsində uğur qazanıb. ABŞ-ın Redmond şəhərində keçirilən müsabiqədə “NoObs” komandamız “İnnovasiyalar” kateqoriyasında II yeri tutub. Bu müsabiqədə ilk dəfə iştirak edən Azərbaycanın komandasına “bluetooth-tənzimçilər” dəsti, həmçinin qaməti əymədən oturmaq və durmaq vərdişi yaradan “Windows Phone” platformalı smartfonlar üçün proqram təminatı olan “Spinal” layihəsi uğur gətirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti