Bakı. Samir Əli - Trend:
Bakı şəhərində avtomobil qaçıran şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 25-də DİN-in “102 – Zəng Mərkəzi”nə müraciət edən Masallı rayon sakini İ.Bağırov şəhər ərazisindən “VAZ-2109” markalı avtomobilinin qaçırıldığını bildirib.
Müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən qeyd edilən nəqliyyat vasitəsinin avqustun 26-da saat 20 radələrində Ələt-Astara yolunun 35-ci kilometrliyində hərəkətdə olması aşkar edilib.
Görülmüş tədbirlərlə avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Nəqliyyat vasitəsini idarə edən Masallı rayon sakini Z.Fətullayev və 3 sərnişini Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinə təhvil veriliblər.
Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə isə avqustun 26-da B.Nuriyev küçəsindən A. Rəhimova məxsus “VAZ-2104” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olub.
Görülmüş tədbirlərlə qeyd edilən nəqliyyat vasitəsi həmin gün Salyan-Biləsuvar yolunun 54-cü kilometrliyində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş T.Ağazadə avtomobillə birgə aidiyyəti üzrə təhvil verilib.
Hər iki faktlarla bağlı araşdırma aparılır.