Bakı. Trend:
Binəqədi rayonu ərazisindəki avtoyuma məntəqəsindən “BMW” markalı avtomobili qaçıraraq yol qəzası törədən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin “102” Zəng Mərkəzinə müraciət edən Bakı şəhər sakini H.Məmmədov yanvarın 15-də saat 1 radələrində Binəqədi rayonunun Mircəlal küçəsindəki avtomobillərin yuyulması məntəqəsindən “BMW” markalı avtomobilinin qaçırıldığını bildirib.
Müraciətlə əlaqədar dərhal Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin həmin məntəqədə işləyən Ağcəbədi rayon sakini B.Cavadov tərəfindən qaçırılması və həmin gün saat 4 radələrində Sumqayıt şəhəri ərazisində idarə edərkən maneəyə vurması müəyyən edilib.
B.Cavadov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.