...

Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həlli yoxdur - ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 İyul 2009 14:08 (UTC +04:00)

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həlli yoxdur. Novosti-Ermənistan xəbər verir.
 "Biz münaqişənin hərb yolu ilə həllinin olmadığı haqda dəfərlərlə danışmışıq, onun nizamlanması üç prinsipə - gücün tətbiq edilməməsi, millətlərin öz müqəddəratını təyin etməsi və ərazi bütövlüyü prinsiplərinə əsaslanır", - deyə Brayza çərşənbə günü keçirilən mətbuat konfransında bəyan edib.
O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev də münaqişənin sülh yolu ilə həllini istəyir. Onun fikrincə, bu müsbət faktordur.
ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasye də öz növbəsində qeyd edib ki, vasitəçilər neçə ildir ki, Azərbaycan və Ermənistan prezidentlərindən əhalini müharibəyə deyil, sülhə hazırlamaqlarını istəyir.
ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov hesab edir ki, Dağlıq Qarabağ Qarabağ münaqişəsinin nizamlanması prosesində iştirak etməlidir.
 "Biz həmsədrlərin mövqelərini gizlətmirik, biz hesab edirik ki, bu iştirak olmalıdır və nizamlanmanın əsas prinsiplərinin razılaşdırılmasından sonra sülh müqaviləsi mətninin hazırlığına başlanılacaq və Dağlıq Qarabağın nümayəndələri də tərəflərin razılaşdırdıqları formada bu prosesdə iştirak edəcəklər", - deyə həmsədr çərşənbə günü Yerevanda mətbuat konfransında bildirib.
Merzlyakov eyni zamanda qeyd edib ki, sözügedən sənədin müddəalarının yarısı məhz Qarabağ əhalisinin həyatına aid olacaq.
ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Fasye hesab edir ki, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın Moskvada iyulun 17-nə planlaşdırılmış görüşü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması danışıqlarında yeni mərhələ aça bilər.
 "Biz iyulun 17-də Moskvada Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü hazırlamaq üçün Yerevandayıq. Mən qeyd etmək istərdim ki, bu görüş son 13 ay ərzində altıncı görüş olacaq. Danışıqlar tarixində bunun misli görünməyib. Bu, prezidentlərin müzakirələr aparması üçün bir imkandır", - deyə Fasye çərşənbə günü Yerevanda keçirilən mətbuat konfransında bildirib.
Fransalı diplomat xatırladıb ki, həmsədrlərin regiona hazırkı səfəri 2009-cu ildən etibarən səkkizinci və ya doqquzuncudur.
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın növbəti görüşünün iyulun ortalarında Moskvada Rusiya Federsiyası Prezidentinin mükafatı uğrunda at yarışları - qeyri-rəsmi beynəlxalq tədbir çərçivəsində keçirilməsi planlaşdırılır. Prezidentlər sonuncu dəfə iyunun 4-də Sankt Peterburqda görüşüblər.
Həmsədr həmçinin qeyd edib ki, görüşlərin tezliyi göstərir ki, preizdentlərin görüşlərini ayrı-ayrılıqda qiymətləndirmək lazım deyil, onların dinamikasına baxmaq lazımdır. Bu görüşləri bir il öncə iyun ayında prezidentlərin ilk dəfə görüşdüyü Sankt-Peterburqdan başlayan "bir film kimi izləmək" lazımdır. Diplomatın sözlərinə əsasən, həmsədrlər hər dəfə kiçik bir irəliləyiş və ya hətta ciddi bir nailiyyət də əldə etməyə çalışırlar.
 "Buna görə də biz, irəliləmək məqsədilə prezidentlərlə "Madrid Təklifləri"ndə bəzi hissələri eyniləşdirdiyimiz Praqa sammitindən sonra danışıqların vacib mərhələsindəyik. Bu imkanlar iyunun əvvəllərində Peterburqda dəqiqləşdirilib və ümid edirəm ki, bir həftədən sonra Moskvada üç mübahisəli müddəanın minimum ikisi üzrə irəliləyişi konkretləşdirməli olacağıq", - deyə həmsədr bəyan edib.
Fasye qeyd edib ki, Yerevana səfəri çərçivəsində həmsədrlər çox konstruktiv görüşlər keçiriblər. O, sabah Bakıda planlaşdırlan görüşün də konstruktiv olacağını bildirib.
ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Merzlyakov iyulun 17-də Moskvada planlaşdırılan görüşə fakt kimi baxmamağı tövsiyə edib. Onun sözlərinə əsasən, həmsədrlər görüşün məhz  iyulun 17-də keçirilməsini təklif ediblər və Ermənistan tərəfi bunu  bəyənib.
 "Lakin hələ Bakının razılığını almaq lazımdır, buna görə də məsələnin 100 faiz həllini düşünmək olmaz", - deyə Merzlayokov bildirib.
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında sonuncu görüş iyunun 4-də Sankt-Peterburqda keçirilib.
Bu, iki ölkə başçısı arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair yüksək səviyyədə keçirilən beşinci görüşdür. Əvvəlki görüş mayın 7-də Praqada keçirilib. İlk danışıqlar ötən ilin iyun ayında Sankt-Peterburqda, ikinci görüş 2008-ci ilin noyabrında Moskvada, üçüncü görüş isə bu il yanvar ayının 28-də Sürixdə baş tutub.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti