Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir E.Mehdiyev/
Rəsmi Bakı hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ Azərbaycana daha fəal dəstək olmalıdır.
"Dağlıq Qarabağ məsələsində istəyimiz ondan ibarətdir ki, ABŞ Azərbaycana daha fəal dəstək olsun. Çünki bilirsiniz ki, ABŞ ATƏT-in Minsk qrupunun üzvüdür. Çox təəssüflər olsun ki, son zamanlar Dağlıq Qarabağ məsələsinin həllində müəyyən passivlik hiss olunur. İstəyimiz odur ki, ABŞ, eyni zamanda, digər aparıcı dövlətlərlə birgə Dağlıq Qarabağ məsələsində daha fəal rol oynasın, işğalçını işğalçı olaraq adlandırsın və Azərbaycan ərazilərini yaxın zamanlarda erməni işğalından azad olunmasına nail ola bilsin", - Trend-in məlumatına bunu cümə günü jurnalistlərə Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib.
Aslanov "Azərbaycan-ABŞ əməkdaşlığının regionda sülh və təhlükəsizliyin təmin edilməsində rolu" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda çıxışında isə bildirib ki, ABŞ-ın dövlət katibi Hillari Klinton Bakıya səfəri zamanı bəyan edib ki, ABŞ və Azərbaycan arasında olan bağlar dərin, mühüm və davamlıdır.
"İllər ərzində ölkəmizə səfər edən ABŞ rəsmiləri tez-tez deyirlər ki, ABŞ-ın Azərbaycanda üç əsas marağı var: enerji layihələrində əməkdaşlıq, təhlükəsizlik məsələləri və siyasi-iqtisadi islahatlar. Həqiqətən də bunlar önəmli məsələlərdir və bizim ölkələrimiz bu sahələrdə bir çox nailiyyətlər əldə ediblər. Bizim amerikalı dostlarımızın möhkəm dəstəyi olmasaydı, regional enerji layihələrinin həyata keçirilməsi mümkün olmazdı. Azərbaycanın dəstəyi olmasaydı, ABŞ tərəfindən aparılan qlobal terrorizmə və radikalizmə qarşı mübarizə indiki kimi olmazdı. Lakin biz Ermənistan və Azərbaycan arasında uzun müddətdir ki davam edən münaqişənin həllində ABŞ-ın daha fəal rolunu görmək istərdik", - Aslanov əlavə edib.
PA rəsmisi qeyd edib ki, Azərbaycan ABŞ-ı etnik siyasətin girovu olmayaraq regionumuzda öz milli maraqlarına uyğun fəaliyyət göstərən görmək istəyir.
"Biz təkid edirik ki, məsələ təcavüz və işğala gəldikdə ABŞ hər şeyi öz adı ilə çağırsın. Bizim ABŞ-ın bünövrəsini təşkil edən həqiqi dəyərlərə və prinsiplərə sadiqliyimiz Qafqaza ABŞ-a davamlı, möhkəm və uğurlu dayaq nöqtəsi gətirəcək", - Aslanov əlavə edib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ABŞ-ın köməyinə ehtiyacı var. ABŞ-ın enerji ehtiyatları və coğrafiyasına görə Azərbaycanda güclü iqtisadi və strateji maraqları var. Azərbaycan ilə potensial Amerika tərəfdaşlığı Vaşinqtonun Qafqaz-Xəzər regionunda strateji iştirakını gücləndirmək ehtiyaclarına cavab verir.
"Azərbaycanın unikal mövqeyi onu önəmli geosiyasi, geostrateji və geoiqtisadi mərkəzə çevirdiyi halda, bu gün ABŞ-ın Bağdaddan sonra ən böyük səfirliyi Yerevanda yerləşir. ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) bütün azərbaycanlı amerikan seçicilərini bir araya gətirən ilk və yeganə, kütləni təmsil edən siyasi təhsil layihəsi olduğu halda, Azadlığa Dəstək Aktındakı 907-ci əlavə əlaqələrin indiki vəziyyətini əks etdirmir və strateji əlaqələrin genişləndirilməsində maneələr yaradır", - Aslanov bildirib.
PA-nın şöbə müdiri təəssüflə deyib ki, həll olunmamış münaqişələr Azərbaycanın Avroatlantik məkanda təhlükəsizliyin və stabilliyin təmin olunması üçün etdiyi cəhdlərə uzunmüddətli problem yaradır.
"Ermənistan-Azərbaycan münaqişəsinin tez bir zamanda həlli üçün edilən siyasi cəhdlərə baxmayaraq, Azərbaycanın işğal olunmuş torpaqlarındakı fəaliyyətlər beynəlxalq qanunu ciddi şəkildə pozur və status-kvonun daha da möhkəmlənməsinə xidmət edir, etnik təmizləmə siyasətinin nəticələrini saxlayır, işğal olunmuş ərazilərdə demoqrafiyanı süni şəkildə dəyişir və münaqişənin sülh yolu ilə həllinə ciddi şəkildə mane olur", - Aslanov bildirib.