ABŞ, Vaşinqton, 06 avqust / Trend , müxbir N.Boqdanova /
Trend -un ABŞ konqresmeni Maykl Mak Maxon ilə müsahibəsi
- Bu yaxınlarda Rusiya və ABŞ ikitərəfli münasibətlərin yenidən qurulmasına başlayıblar, lakin Rusiya tərəfindən Gürcüstan üçün təhlükə hələ də qalmaqdadır. ABŞ və Rusiya arasında yenilənən münasibətlər, Gürcüstan və Azərbaycan da daxil olmaqla, digər post sovet ölkələrinə nə dərəcədə təsir edə bilər?
- Obamanın SNV (strateji hücum silahları) ilə bağlı razılaşmanı müzakirə etmək üçün Moskvaya uğurlu səfərinin ardınca, bu yaxınlarda ABŞ-ın vitse-prezidenti Cozef Bayden Ukrayna və Gürcüstana səfər edib. Hesab edirəm ki, xüsusilə də kütləvi qırğın silahlarının yayılmaması və enerji təhlükəsizliyi məsələlərində böyük əhəmiyyət kəsb edən Rusiya kimi ölkələr üçün plüralizm bütün səviyyələrdə gərəklidir.
Rusiya ilə münasibətləri yenidən qurmağa başlayan ABŞ-ın Ukrayna, Gürcüstan və Azərbaycan kimi regionda köhnə tərfədaşlarını nəzərdən qaçırtmaması da vacibdir. Mən Rusiya ilə münasibətlərin və dialoqun yenidən qurulmasının Şərqi Avropada köhnə dostlarla olan əlaqə ilə yanaşı olmasına əminəm.
- Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesi son zamanlar daha çox fəallaşıb. Bu gün ATƏT-in sədri Dora Bakoyannis münaqişə tərəfləri ilə hadisələrin inkişafı barədə danışıb. Siz Qafqaz regionundakı dondurulmuş münaqişələrin, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin "donunun açılması" prosesini necə qiymətləndirirsiniz?
- Düşünürəm ki, hər hansı uzun sürən danışıqların "donunun açılması" adi iş deyil, belə ki, son zamanlar Dağlıq Qarabağ ilə bağlı müəyyən canlanma qeyd olunur. Hesab edirəm ki, Azərbaycan, Ermənistan və Türkiyə ABŞ kimi beynəlxalq ictimaiyyətin dəstəklədiyi yeni siyasətə açıqdır. Bu prosesin həm Azərbaycan, həm də Ermənistan üçün çətin olmasına baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması hər iki ölkənin maraqlarına daxildir. Mən Minsk qrupu tərəfindən təklif olunan əsas prinsipləri dəstəkləyirəm.
- ABŞ Konqresi hesab edir ki, münaqişələrin nizamlanması enerji sahəsində regional əməkdaşlığın inkişafına yardım edəcək. Enerji əməkdaşlığının inkişafı yolunda digər maneə isə Xəzər dənizi resursları üzrə mübahisələrdir. Türkmənistan Xəzərin resursları barədə ikinci bəyanatını verib və Azərbaycanı məhkəməyə cəlb etmək istəyir. Siz vəziyyətdən çıxış yolunu nədə görürsünüz?
- Hesab edirəm ki, bu işin məhkəmədə baxılması regionda münasibətlərin inkiaşfı və bu yaxınlarda imzalanan "Nabukko" boru kəməri layihəsi üçün mənfi amildir. Uzun müddətdir gözlənilən boru kəməri regionda enerji mənbələrinin diversifikasiyası üçün vacibdir.
İki ölkə arasında beynəlxalq hüquqi mübahisə bu layihənin perspektivlərinə bərpa oluna bilməyəcək zərər vura bilər. Hesab edirəm ki, neft və qaz resursları üzrə mübahisələr məhkəmə yolu ilə deyil, Avropa İttifaqı nümayəndələrinin vasitəsilə həll edilməlidir. Belə ki, bu məsələ Aİ üçün böyük əhəmiyyət kəsb edir.