Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir A.Hüseynbala/
Azərbaycan Parlamenti sədrinin birinci müavini deyib ki, Azərbaycan NATO ilə əməkdaşlığa yüksək əhəmiyyət verir.
"Azərbaycanın NATO ilə əməkdaşlığı yüksək səviyyədədir və ölkəmizin Müdafiə Nazirliyi NATO ilə bir sıra tədbirləri həyata keçirir", - Trend-in məlumatına görə, bazar ertəsi Milli Məclis sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan NATO Parlament Assambleyasının (PA) Siyasi Komitəsinin NATO tərəfdaşlığı üzrə Alt Komitəsinin sədri Rayner Stinnerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib.
Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Əsgərov deyib ki, ölkəmizin iqtisadi inkişafı, müxtəlif sahələrdə həyata keçirilən islahatlar onun beynəlxalq nüfuzunu daha da artırır.
"Hazırda ölkəmiz iqtisadi inkişafına görə dünyanın öndə gedən dövlətləri sırasındadır. Lakin bununla yanaşı problemlərimiz də var", - birinci vitse-spiker əlavə edib.
Komitə sədrinin sözlərinə görə, Ermənistan Dağlıq Qarabağ münaqişəsi barədə BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdikləri qətnamə və qərarlara məhəl qoymur. "Münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olsa da, Ermənistan beynəlxalq hüquqa meydan oxumağa davam edir və belə getsə, Azərbaycan öz torpaqlarını müharibə yolu ilə işğaldan azad etmək hüququndan istifadə etməyə məcbur olacaq. Bu gün dünya ölkələri işğalçı Ermənistana təzyiq etməkdənsə, Türkiyəyə təzyiqlər göstərirlər. Dünyanın müxtəlif ölkələri XX əsrin əvvəllərində baş vermiş hadisələrə "erməni soyqırımı" adı verməyə çalışır, lakin 1992-ci ildə Azərbaycan xalqına qarşı törədilən Xocalı soyqırımına dünya biganə yanaşır. Həmin ölkələr ikili standartlardan əl çəkməlidir, həqiqəti bilməlidirlər", - o vurğulayıb.
Əsgərov qeyd edib ki, təcavüzkar öz layiq olduğu cəzanı almalıdır.
Dağlıq Qarabağ münaqişəsi barədə bu görüşdən yeni məlumatlar aldığını deyən Stinner münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirib. Onun fikrincə, bölgədə hərbi əməliyyatlar başlasa, bu, əvvəlcədən təxmin edilə bilməyən nəticələrə gətirib çıxara bilər. "NATO PA-nın üzvü olan dövlətlər bu münaqişənin həlli üçün əllərindən gələn köməyi göstərməyə hazırdırlar", - nümayəndə heyətinin rəhbəri bildirib.
NATO-nun Cənubi Qafqaz ölkələri - Azərbaycan, Gürcüstan və Ermənistan ilə əməkdaşlığı əsasən "Sülh naminə tərəfdaşlıq", "Fərdi tərəfdaşlıq üzrə fəaliyyət planı", həmçinin "Planlaşdırma prosesi və analiz" proqramları əsasında həyata keçirilir. Həmin sənədlərdə tərəfdaş ölkələrin Şimali Atlantika Alyansı ilə müdafiə, təhlükəsizlik və hərbi siyasət sahələrində islahatlara dair məsləhətlərin aparılması üzrə məqsəd və niyyətləri müəyyən olunub.
İslahatların aparılmasına yardım göstərilməsi ilə yanaşı, NATO ilə Azərbaycan arasında əməkdaşlığın mühüm məqsədlərindən biri sülhməramlı əməliyyatların və böhrana çevik reaksiya əməliyyatlarının aparılması zamanı ölkənin silahlı qüvvələrinin qabiliyyətini NATO ölkələri qüvvələri ilə qarşılıqlı fəaliyyət səviyyəsində inkişaf etdirməkdir. 1999-cu ildən Azərbaycanın hərbi kontingenti NATO-nun Kosovoda, 2002-ci ildən isə Əfqanıstanda sülhməramlı əməliyyatlarının aparılmasına dəstək göstərib.