Fransa, Strasburq, 26 yanvar /Trend, müxbir A.Məhərrəmli/
Siyasətçilər tarixlə bağlı qərarlar verməməlidirlər. Trend-in məlumatına görə, bu fikirləri AŞ PA-nın plenar sessiyasının dördüncü iş günündə Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın Fransa Senatında "erməni soyqırımı"na dair qəbul olunan qanunla bağlı sualına cavabında AŞ-nin insan haqları üzrə səlahiyyət müddəti başa çatmış komissarı Tomas Hammarberq deyib.
Hammarberq bunun düzgün yanaşma olmadığını deyib.
"Avropa Şurasının Baş katibi Torbyorn Yaqland bu məsələyə toxunub və mən də onun fikirləri ilə tam razıyam. Əlbəttə ki, bu, düzgün yanaşma tərzi deyil və söz və ifadə azadlığını məhdudlaşdırır. Siyasətçilərin tarixi məsələrə qiymət verməsi məsələsində Yaqlandın dedikləri ilə razıyam və onu tam dəstəkləyirəm. Siyasətçilər tarixlə bağlı qərarlar verməməlidirlər", - Hammarberq deyib.
Qeyd edək ki, Yaqland bu məsələ ilə bağlı demişdi ki, tarixlə tarixçilər məşğul olmalıdır. O bildirmişdi ki, siyasətçilərin tarixlə bağlı qərarlar qəbul etməsini doğru hesab etmir.
Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva sualında bildirmişdi ki, Fransa Senatında qondarma "erməni soyqırımı"na dair qanunun qəbulu, söz və fikir azadlığının məhdudlaşdırılması, insan haqlarına zərbə deyilmi?
"Bu qanundan sonra Fransada yaşayan 500 min türkü və ümumiyyətlə, qondarma "erməni soyqırımı"nı inkar edən hər kəsi həbsxanalar və ağır maddi cəzalar gözləyir. İnsan haqları komissarı kimi siz məhz söz və düşüncə azadlığı, insan haqları prizmasından bu qanunu necə qiymətləndirirsiniz?" - Paşayeva soruşub.
Yanvarın 23-də Fransa Senatı təxminən səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə isə 86 senator səs verib.
Fransa Senatının alt palatası keçən il dekabrın 22-də qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edib.
Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si isə əleyhinə səs verib.
Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.
Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsini təqdim etmişdilər.
Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.