Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir İ.İzzət/
"Radikalizm məzhəb tanımır və azad təfəkkürün düşmənidir". Bu barədə İranın ali dini liderinin müşaviri Ayətullah Təsxiri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərovla görüşündə bildirib.
DQİDK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovun İrana rəsmi səfəri davam edir.
Səfər çərçivəsində komitə sədri İranın ali dini liderinin müşaviri Ayətullah Təsxiri ilə görüşüb. Səmimi şəraitdə keçən görüşdə Ayətullah Təsxiri Elşad İskəndərovu onun İslam Konfransı Gənclər Forumuna rəhbərlik etdiyi dövrdən tanıdığını, bu qurumun İslam Əməkdaşlığı Təşkilatı ölkələri gəncləri arasında dinlər və məzhəblərarası dialoqa yönəlik fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib. Eyni zamanda "İslam məzhəblərinin yaxınlaşması" təşkilatının təsisçisi olan Təsxiri görüşdə dini radikalizm və məzhəb məsələlərinə də toxunub: "Bu gün dünyadakı dini radikalizm, başqa din və məzhəbləri təhqir, təqib edən, təkfirçi və ekstremist əsaslara söykənən dini cərəyanlar bəşəriyyətə əsl təhlükədir."
Ayətullah Təsxiri həmçinin qeyd edib ki, çox zaman belə dar düşüncəli cərəyanlar başqalarının əlində alət olur və qeyri-müsəlman ölkələrində də islamofobiyanın yaranmasına rəvac verirlər. Odur ki, bu gün, məzhəbindən asılı olmayaraq, islam alimləri qarşısında duran əsas vəzifələrdən biri məhz bu radikalizmin aradan qaldırılması və əvəzində müsəlmanlara azad təfəkkür ənənəsinin aşılanması olmalıdır: "Radikalizm məzhəb tanımır və azad təfəkkürün düşmənidir."
Azərbaycanda dəfələrlə olduğunu və buradakı dini tolerantlıq modelini yüksək qiymətləndirdiyini bildirən ayətullah Təsxiri, bu modelin başqa müsəlman ölkələri üçün də nümunə ola biləcəyini vurğulayıb.
DQİDK sədri Elşad İskəndərov isə Azərbaycan dövlətinin din sahəsindəki siyasətinin dini tolerantlıq, həmçinin məzhəblərarası yaxınlaşmanın təmin olunmasına yönəldiyini, radikal dini düşüncələrin təhlükə yaratdığını başa düşərək bu istiqamətdə də prinsipial mövqe tutduğunu deyib. Azərbaycanın unikal tolerantlıq modelinin məzhəblərarası dialoqa tohfə verə biləcəyini qeyd edən komitə sədri bu sahədə praktiki addımlara hazır olduqlarını bildirib. O, Azərbaycanda iki ildən bir keçirilməsi nəzərdə tutulan "Din-dövlət münasibətləri üzrə Bakı Forumu" çərçivəsində əsas istiqamətlərdən birinin məhz islam məzhəblərinin yaxınlaşması mövzusuna həsr edilməsi təklifini irəli sürüb.
Bu istiqamətdə işlərin davamlı aparılmasının vacibliyini qeyd edən komitə sədri radikal, ekstremist və təkfirçi düşüncəyə qarşı ayrı-ayrılıqda deyil, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində fəaliyyət göstərməyi təklif edib. O deyib ki, bu istiqamətdə DQİDK-nin bu il təsis etdiyi Milli Tolerantlıq Mərkəzi çərçivəsində İran, Türkiyə və Azərbaycanın ilahiyyət və din sahəsindəki tədqiqatçılarından ibarət elmi qrupun yaradılması haqda prinsipial razılıq əldə edilib.
Öz növbəsində, Ayətullah Təsxiri hər iki təklifi məmnuniyyətlə qarşıladığını və müştərək fəaliyyətə hazır olduğunu bildirib.
Görüşün yekunu olaraq ekspertlər səviyyəsində bu təkliflərin icrası istiqamətində praktiki işlərə başlanması qərara alınıb.