...

Corctaun Universitetində Azərbaycanla bağlı müzakirələr aparılıb (FOTO)

Siyasət Materials 11 İyul 2016 09:29 (UTC +04:00)
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ABŞ-ın nüfuzlu təhsil ocaqlarından olan Corctaun Universitetinin Makdona Biznes İnstitutunda Azərbaycanın enerji siyasəti və Avropanın enerji təhlükəsizliyində rolu barədə professor-tələbə heyəti qarşısında çıxış edib.
Corctaun Universitetində Azərbaycanla bağlı müzakirələr aparılıb (FOTO)

Bakı. Trend:

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ABŞ-ın nüfuzlu təhsil ocaqlarından olan Corctaun Universitetinin Makdona Biznes İnstitutunda Azərbaycanın enerji siyasəti və Avropanın enerji təhlükəsizliyində rolu barədə professor-tələbə heyəti qarşısında çıxış edib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, əksəriyyətinin təhsil ilə yanaşı işgüzar fəaliyyətlə də məşğul olduğu auditoriyada əsas məruzəçi qismində çıxış edən səfir dünyada qədim neft diyarı kimi tanınmış Azərbaycanın enerji siyasətinin tarixindən və qlobal enerji bazarının inkişafına verdiyi töhfələrdən danışıb. O vurğulayıb ki, Azərbaycanın iqtisadi siyasətinin öncül istiqamətlərindən olan və müəllifi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev olan neft strategiyamızın həyata keçirilməsinə 1994-cü ildə dünyanın aparıcı enerji şirkətləri ilə "Əsrin Müqaviləsi"nin imzalanması ilə başlanıb. Səfir bu tarixi hadisə ilə Azərbaycanın ilk dəfə olaraq, Xəzər dənizini və onun enerji ehtiyatlarını dünyanın üzünə açdığını qeyd edib.

Sonra neft və qazın etibarlı və irimiqyaslı ixracını təmin etmək məqsədi ilə Xəzər hövzəsi ölkələrini Aralıq dənizi ilə bağlayan Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərlərinin tikintisinin həyata keçirildiyini bildirən Azərbaycan diplomatı bu layihələrin həmçinin regionun iqtisadi inkişafına təkan verdiyini diqqətə çatdırıb.

Diplomat Xəzərin zəngin karbohidrogen ehtiyatlarını dünya bazarlarına açmış “Əsrin müqaviləsi”ndən 20 il sonra Azərbaycan Prezidenti lham Əliyevin təşəbbüskarı olduğu “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsinin Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi ilə yanaşı, bölgənin ümumi siyasi transformasiyasına təsir etdiyini, əməkdaşlığın daha da inkişaf etdirilməsinə dəstək verdiyini vurğulayıb. Bunun nəticəsi olaraq, Azərbaycan Cənub və Cənub-Şərqi Avropanın yeni enerji coğrafiyasının formalaşmasının müəllifinə çevrilmiş, Xəzər dənizi ilə Adriatik dəniz arasında fiziki bağlantı yaradılıb.

Dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəməri zənciri olan “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycan qazını Avropa bazarına nəql etməklə yanaşı, regionun enerji infrastrukturunun təkmilləşdirilməsinə və sosial-iqtisadi inkişafına dəstək verəcək. O, ABŞ tərəfindən adıçəkilən layihələrə göstərilən dəstəyin yüksək qiymətləndirildiyini və bu tendensiyanın gələcəkdə də davam etdirilməsinə ümidvar olduğunu bildirib.

Eyni zamanda, səfir dünyada gedən proseslər, o cümlədən neft və digər xammal məhsullarının qiymətinin kəskin azalması fonunda Azərbaycanda iqtisadi irəliləyişin təmin olunması istiqamətində hökumət tərəfindən görülən tədbirlərdən, o cümlədən biznes və investisiya mühitinin yaxşılaşdırılması sahəsində aparılan islahatlardan söhbət açıb. Bildirilib ki, biznes fəaliyyəti üçün lisenziyalar verən qurumların və lisenziyaların sayı azaldılmış, gömrük və vergi proseduraları sadələşdirilmiş, dövlət qurumlarının özəl sektorda apardığı yoxlamalar məhdudlaşdırılmış, “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti genişləndirilib. İqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunda ixracın stimullaşdırılması və idxaldan asılılığın azaldılmasının prioritet olduğu və bu istiqamətində, xüsusən kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, turizm, nəqliyyat və logistika xidmətləri və digər sahələrdə ABŞ şirkətləri ilə əməkdaşlıq üçün geniş imkanlar olduğu qeyd edilib.

Diplomat həmçinin şərq-qərb və şimal-cənub beynəlxalq dəhlizlərin qovşağında yerləşən Azərbaycanın regionun digər ölkələrinin bazarlarına çıxış üçün əlverişli coğrafi mövqeyə malik olduğunu söyləmiş və regionun ticarət-tranzit potensialının artırılması ilə bağlı həyata keçirilən layihələrdən, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Ələt qəsəbəsində inşa edilən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı haqqında danışıb. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan addımlardan birinin məhz tarixi İpək Yolunun canlandırılması olduğunu deyən səfir bu layihələrin reallaşdırılması ilə Asiyadan Avropaya və əksinə yük daşımaların dəniz yolu ilə müqayisədə daha qısa və sərfəli olacağını vurğulayıb.

Səfir çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regionun inteqrasiyasında ciddi maneə olduğunu bildirib. O qeyd edib ki, Cənubi Qafqaz regionunda Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı digər region dövlətləri üçün bariz nümunə olmalıdır. Azərbaycanın nümayəndəsi çıxışında eləcə də ölkəmizin tolerant cəmiyyətə malik olduğunu önə çəkib, müsəlman Şərqində ilk demokratik dövlətçilik ənənəsinin Azərbaycanda yarandığını xatırladıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti