...

Rusiya və Azərbaycan əməkdaşlığın inkişafı üzrə Fəaliyyət Planını fəal şəkildə həyata keçirir - XİN

Siyasət Materials 4 Aprel 2022 17:38 (UTC +04:00)
Rusiya və Azərbaycan əməkdaşlığın inkişafı üzrə Fəaliyyət Planını fəal şəkildə həyata keçirir - XİN

Bakı. Trend:

Rusiya və Azərbaycan 2024-cü ilə qədər olan dövr üçün əməkdaşlığın əsas istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planını fəal şəkildə həyata keçirir.

Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə bağlı bəyanatında deyilir.

"Ali və yüksək səviyyədə intensiv siyasi dialoq davam etdirilir. Mövcud müqavilə-hüquqi baza 150-dən çox dövlətlərarası və hökumətlərarası sazişi əhatə edir. Bu, ticari-iqtisadi, hərbi-texniki, parlamentlərarası, mədəni-humanitar və regional əlaqələrin dayanıqlı inkişafını təmin edir”, - bəyanatda deyilir.

Qeyd olunur ki, Rusiya Azərbaycanın aparıcı xarici ticarət tərəfdaşlarından biridir.

"Ölkələrimiz arasında ticarət dövriyyəsi pandemiyanın çətinliklərinə qarşı dayanıqlılıq nümayiş etdirib və 2021-ci ildə artımını davam etdirib. Rusiya-Azərbaycan əməkdaşlığının əsas sahələrinin inkişafı üzrə 2024-cü ilə qədər olan dövr üçün Fəaliyyət Planı, ticarət, nəqliyyat infrastrukturu, elmyönümlü istehsal, iqtisadiyyatın və turizmin səmərəliliyinin artırılması innovativ inkişaf və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq və digər sahələrdə altı yol xəritəsini özündə əks etdirir. İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çox səmərəli işləyir. Hazırda investisiya əməkdaşlığına, Rusiya və Azərbaycan şirkətlərinin iki ölkənin bazarlarında qarşılıqlı iştirakının genişləndirilməsi üçün şəraitin yaradılmasına xüsusi diqqət yetirilir”, - deyə məlumatda bildirilir.

Rusiya XİN vurğulayıb ki, Cənubi Qafqazda regional təhlükəsizlik məsələlərinə xüsusi diqqət ayrılır. Nazirlikdən bildirilib ki, 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli yüksək səviyyəli üçtərəfli sazişlərin icrasına sadiqlik regionda uzunmüddətli sülh, sabitlik və firavanlığın təmin olunması üçün nəzərdə tutulmuş qeyd-şərtsiz amil olaraq qalır.

Bəyanatda qeyd olunur ki, Rusiya ilə Azərbaycanın diplomatik münasibətlərinin 30 illiyini yeni keyfiyyətdə qeyd etməsi çox rəmzi ifadə daşıyır. Rusiya XİN vurğulayıb ki, bu il fevralın 22-də Moskvada Rusiya prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti barədə Bəyannamə imzalanıb. Bu sənədin müddəaları gələcəyə yönəlib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti