...

4 kəndimiz geri qaytarıldı - Prezident İlham Əliyevin bir zəfəri

Siyasət Analytics 19 Aprel 2024 20:47 (UTC +04:00)
4 kəndimiz geri qaytarıldı - Prezident İlham Əliyevin bir zəfəri
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Bu gün Azərbaycan və Ermənistan arasındakı şərti dövlət sərhəddində Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın səkkizinci görüşü keçirilib.

Görüş zamanı komissiyalar aşağıdakılar barədə razılığa gəliblər:

1. Delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (Ermənistan) - Bağanıs Ayrım (Azərbaycan), Voskepar (Ermənistan) - Aşağı Əskipara (Azərbaycan), Kirants (Ermənistan) – Xeyrımlı (Azərbaycan) və Berkaber (Ermənistan) - Qızılhacılı (Azərbaycan) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

2. Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.

3. Razılaşdırılıb ki, tərəflər sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərinin eyni vaxtda və paralel yerləşdirilməsi üçün tədbirlər görmək məqsədilə öz hökumətlərinə müraciət edəcəklər. Həmçinin razılaşdırılıb ki, delimitasiya prosesi tam başa çatana qədər Protokol-təsvirdə göstərilən sərhəd xəttinin hissələri delimitasiya edilmiş hesab olunsun.

4. Paralel olaraq, Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın birgə fəaliyyəti haqqında əsasnamə layihəsinin razılaşdırılması üzrə işin 1 iyul 2024-cü il müddətinədək başa çatdırılması və dövlətdaxili razılaşdırmalar prosesinə və müvafiq qaydada tərəflərin dövlətlərinin qanunvericiliyinin tələblərinə uyğun olaraq əsasnamənin təsdiqinə başlamaq barədə razılığa gəlinib.

5. Tərəflər razılaşıblar ki, onlar delimitasiya prosesində 1991-ci il Alma-Ata bəyannaməsinə əsaslanacaqlar. Tərəflər, həmçinin həmin baza prinsipini əsasnamə layihəsində təsbit etmək barədə razılığa gəliblər (əgər gələcəkdə Azərbaycan ilə Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişdə başqa cür qərara gəlinərsə, o zaman əsasnamənin müvafiq bəndi bu sazişlə müəyyənləşdirilmiş prinsiplərə uyğunlaşdırılacaq).

6. Tərəflər əsasnaməni təsdiq etdikdən sonra növbəliliyi razılaşdırmaq və sərhədin bütün digər hissələrinin, o cümlədən anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər.

Görüşün nəticəsində protokol imzalanıb. Növbəti görüşün keçirilməsi tarixinin və yerinin işçi qaydada razılaşdırılması qərara alınıb.

... Görüşün nəticələrinin ən mühüm detalı işğal altında olan 4 qeyri-anklav kəndin bir güllə belə atılmadan, qan tökülmədən Azərbaycana qaytarılmasıdır. Bu da şübhəsiz ki, Azərbaycanın və şəxsən Prezident İlham Əliyevin siyasi iradəsinə əsaslanan növbəti böyük qələbədir.

Bu günün önəmli nüanslarından biri də Azərbaycana qarşı irəli sürülən və aylardan bəri gündəmdə saxlanan əsas məqamlar arasında yer alan ittihamın puç olması idi. Fransa və onun təlimatlarını yerinə yetirən İrəvan isteblişmenti Azərbaycanı "müharibəyə hazırlaşmaq"da, hələ də erməni işğalında olan kəndlərimizi hərbi yolla azad etmək planlarını hazırlamaqda suçlayırdı.

Lakin Azərğaycanla Ermənistan arasında şərti dövlət sərhədininin demarkasiya və delimitasiya prosesinə başlamazdan əvvəl Qazax rayonunn 4 kəndinin məhz dinc danışıqlar vasitəsilə, razılaşma yolu ilə qaytarılması, daha doğrusu, azad edilməsi ilə bağlı anlaşmanın əldə edilməsi Fransa prezidenti Emmanuel Makronun mantra kimi təkrarladığı "aqressiv Azərbaycan" ifadəsinin nə qədər yanlış, əsassız və isterik olduğunu göstərdi.

Daha doğrusu, Fransanın bu verbal geosiyasi konstruksiyası və ittiham modulyasiyası darmadağın oldu.

Eyni zamanda, aprelin 5-də Brüsseldə ABŞ-ın dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan arasında aparılmış məxfi müzakirələrdə əldə edilmiş razılaşmalar çərçivəsində Vaşinqtonla Brüsselin proseslərə kobud müdaxiləsinə də imkan verilmədi.

Göründüyü kimi, Bakının strategiyası özünü tam doğrultdu və Azərbaycanla Ermənistan arasında aparılan birbaşa, vasitəçilər olmadan reallaşdırılan danışıqlar artıq ilkin nəticələrini verməkdədir.

Bakı aşkar şəkildə nümayiş etdirdi ki, Ermənistan vasitəsilə Cənubi Qafqazdakı proseslərə müdaxilə edərək neomüstəmləkəçi, neoimperialist maraqlarını gerçəkləşdirməyə çalışan dövlətlərlə qüvvələrin istəkləri regionda sülhlə stabilliyin bərqərar olmasına töhfə vermək yox, maneələr yaratmaq, yeni risklərlə çağırışlar formalaşadırmaqdır.

30 ildən bəri erməni işğalında olan dörd kəndimizin azad edilməsi, Vətənə qaytarılması Azərbaycanın dövlət başçısı İlham Əliyevin daha bir qələbəsi, növbəti zəfəridir.

Zəfər spontan hadisə yox, 2020-ci ildəki İkinci Qarabağ Müharibəsindən sonra Ali Baş Komandanın yürütdüyü siyasətin, reallaşdırdığı diplomatik kursun və fəaliyyətinin bariz nümunəsidir.

Xəbər lenti

Xəbər lenti