...

Fərhad Hacıyev: IV İslam Həmrəyliyi Oyunları İslam həmrəyliyinə dəstək olan yeni model kimi tarixə düşəcək

Cəmiyyət Materials 18 Yanvar 2017 13:53 (UTC +04:00)
Ölkəmizdə 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsinin əsas məqsədi Azərbaycan nümunəsində İslam dininin dünyanın müasir tələblərinə uyğun olaraq mənəvi və əxlaqi tərəflərini dünya xalqlarına aşılamaqdır.
Fərhad Hacıyev: IV İslam Həmrəyliyi Oyunları İslam həmrəyliyinə dəstək olan yeni model kimi tarixə düşəcək

Trend-i buradan izləyin

Bakı. Trend:

Ölkəmizdə 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsinin əsas məqsədi Azərbaycan nümunəsində İslam dininin dünyanın müasir tələblərinə uyğun olaraq mənəvi və əxlaqi tərəflərini dünya xalqlarına aşılamaqdır. Bunu Trend-ə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev deyib.

F.Hacıyev bildirib ki, bu hadisə, həmçinin ölkəmizin İslam dövlətləri arasında sıx əməkdaşlığın qurulmasına zəmin yaradır.

Onun sözlərinə görə, Azərbaycan dünyəvi dövlət olmaqla yanaşı, İslam dininin adət və ənənələrinə xüsusi diqqət yetirir: "Yeni məscidlərin tikilməsi bunun bariz nümunəsidir və bütün bunlar Azərbaycan xalqının tolerant xalq olduğunun göstəricisidir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2017-ci ili “İslam Həmrəyliyi ili” elan etmişdir və bununla da Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycanın qloballaşan dünya düzənində xüsusi rol oynadığını bir daha dünyaya bəyan etmiş oldu".

F.Hacıyev vurğulayıb ki, Azərbaycanın 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsinin əsas məqsədi dünyada Vətənimizi, İslam dininin tolerantlığını, humanistliyini tanıtmaqdır: "Sözsüz ki, İslam Həmrəylik Oyunlarının keçirilməsi ölkəmizdə idman sahəsinə də böyük töhfələr verəcək. Ölkəmizə gələn çox saylı turistlər Azərbaycanın tarixi, qədim ənənələri, o cümlədən müasir Bakının möhtəşəm gözəlliyi ilə tanış olacaqlar. İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi təkcə idman tədbiri deyil, eyni zamanda siyasi hadisədir və bu oyunların keçirilməsi, İslam həmrəyliyinə dəstək olan yeni model kimi tarixə düşəcək".

Onun sözlərinə görə, hüquqi və dünyəvi dövlət olan ölkəmiz İslam dininin inkişafına hər zaman öz töhfəsini verib və bundan sonra da bu siyasəti davam etdirəcək: "Azərbaycanın böyük filosofları, yazıçıları İslam dininin inkişafında əsrlər boyu önəmli rol oynayıblar. Bu gün də Azərbaycan İslam dünyasında özünəməxsus yer tutur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti