...

Tələbələrə turizm sahəsində PR-ın təşkili ilə bağlı seminar keçirilib (FOTO)

Cəmiyyət Materials 15 Noyabr 2017 10:09 (UTC +04:00)
Tələbələrə turizm sahəsində PR-ın təşkili ilə bağlı seminar keçirilib (FOTO)

Bakı. Trend:

“AtaTravel” MMC turizm sahəsinə aid ixtisaslar üzrə təhsil alan ali məktəb tələbələri üçün turizm və PR mövzusunda seminar keçirib.

MMC-dən Trend-ə verilən məlumata görə, seminarda mövzu üzrə çıxış edənlər “Alibayov Consulting” şirkətinin rəhbəri Vəli Əlibəyov və “AtaHolding” ASC-nin Kommunikasiya şöbəsinin rəisi Dilarə Zamanova olmaqla, iştirakçılar turizm sahəsində PR fəaliyyətinin təşkili mövzusunda məlumatlandırılıblar.

V.Əlibəyov təlim iştirakçılarına turizm sahəsində ictimai rəyin düzgün formalaşdırılması metodları, turoperatorlarla müştərilər arasında xeyirxah münasibətlərin qurulması yollarından, həmçinin bu sahədə yeni kommunikasiya texnologiyalarından istifadə vərdişlərinə yiyələnmək üsullarından danışıb. Həmçinin, turizm sahəsində PR-ın aparılması ilə bağlı bir sıra istiqamətlər - brendin, turizm xidmətlərinin önə çəkilməsi, reputasiya və imicin formalaşdırılması, daxili PR və sairlə bağlı fikirlərini bildirib.

D.Zamanova isə ictimaiyyətlə əlaqələr sahəsində turizm müəssisələrinin hədəf auditoriyası olan müştərilər, tərəfdaşlar, tədarükçülər, rəqiblər, hakimiyyət qurumları, media və sair qruplarla iş prinsipləri barədə geniş söhbət açıb. Natiq son illərdə baş vermiş və hələ də təsirləri davam edən dünya iqtisadi böhranı şəraitində turizm şirkətləri və müəssisələrinin imicinin qorunması və tanıdılmasında PR-ın peşəkarlıqla aparılmasının xüsusilə aktuallıq kəsb etdiyini bildirərək antiböhran PR-ı və onun peşəkarca qurulması xüsusiyyətləri barədə tələbələrə ətraflı məlumat verib.

Seminar iştirakçıları tələbələr D.Zamanova tərəfindən PR vasitələri kimi media ilə iş – müsahibələr, məqalələr, info-tur və mətbuat konfransları, həmçinin, yeni turistik istiqamətlər, turizm məhsulları, sərgilər, yarmarkalar, festivallar, təlimlər, fləşmoblar və sair barədə təfərrüatlı şəkildə bilgiləndirilib.

Daha sonra iştirakçı tələbələr mövzu ilə bağlı fikirlərini bölüşüblər, onların sualları cavablandırılıb. Təlimin yekununda təşkilatçılar tərəfindən iştirakçılara sertifikatlar təqdim edilib.

Qeyd edək ki, tədbir turizm ixtisasları üzrə təhsil alan tələbələrin bilik və bacarıqlarını, yeni dövrün tələblərinə cavab verən kommunikasiya vərdişlərini artırmaq, həmçinin Azərbaycan turizminin inkişafına töhfə vermək məqsədilə keçirilib.

Qeyd edək ki, “AtaHolding” Şirkətlər Qrupunun turizm sektorunda “AtaTravel” MMC, “AtaTurizm” və “Excelsior Hotel & Spa Baku” oteli fəaliyyət göstərir. “AtaTravel” MMC turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət öz müştərilərini otel, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta və viza ilə əlaqədar xidmətlərlər göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti