...

İran üçün Xəzəryanı ölkələrlə neft mübadiləsi əlverişlidir - ekspert

Energetika Materials 20 Dekabr 2011 18:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir T.Cəfərov/

İranla Xəzəryanı ölkələr arasında neft mübadiləsinin dayandırılması qısa müddət ərzində bu ölkə üçün əlavə xərclər və problemlər yaratsa da, uzunmüddətli dövrdə bir o qədər də təsirli olmayacaq. Bunu Sinqapur Universitetinin Enerji Tədqiqatları İnstitutunun Enerji təhlükəsizliyi və geosiyasi fakültəsinin rəhbəri Humən Peymani Trend-ə müsahibəsində deyib.

İki gün əvvəl İran KİV-ləri məlumat verdi ki, İranın Xəzəryanı ölkələrlə neft mübadiləsi dayandırılıb. Ötən gün isə İran Milli Neft Şirkətinin rəsmiləri həmin ölkələrlə neft mübadiləsinin dayandırılması ilə bağlı xəbərləri təkzib etdilər. Son iki il ərzində İran və Xəzəryanı ölkələr arasında neft mübadiləsinin dayandırılması məsələsi bir neçə dəfə gündəmə gəlib. İran Kirmanşahda Biston, Həmədanda Müfəttih, Şərqi Azərbaycan əyalətində Səhənd və Neka neft emalı zavodlarına neft məhsullarının daşınması xərclərini azaltmaq məqsədilə Xəzəryanı ölkələrlə neft mübadiləsi həyata keçirir.

Peymani hesab edir ki, İranın Xəzəryanı ölkələrlə neft mübadiləsi dayanarsa, qısa müddətdə bu ölkə üçün əlavə xərclər yaranacaq.

"İran öz şimal regionundakı neft ehtiyacını neft mübadiləsi vasitəsilə təmin edir. Əgər neft mübadiləsi dayandırılarsa, cənubdan şimala neft daşınmalıdır ki, bu da həm əlavə xərc və həm də əlavə zəhmətdir. Çünkü neft boruları daim təmir olmalıdır", - Peymani deyib.

Onun sözlərinə görə, həm də İran az olsa da, tranzit haqqını itirəcək.

İran Xəzəryanı ölkələrlə neft mübadiləsini 2007-ci ildən Məhəmməd Xatəminin prezidentliyi dövründən həyata keçirir. İranın hazırkı Prezidenti Mahmud Əhmədinejad bir müddət öncə demişdi ki, beş illik inkişaf proqramının sonunadək (2011-2015) neft mübadiləsinin həcmi sutkada 300 min barelə qədər artırılacaq.

Dörd beynəlxalq şirkətlə imzalanmış müqaviləyə əsasən, bu şirkətlərin müştərilərinə Fars körfəzində təhvil verilmiş hər bir barel üçün İrana 1 dollar (tranzit haqqı) pul ödənilir.

Bəzi İran rəsmiləri bildiriblər ki, neft mübadiləsinin keçmiş müqavilələr əsasında həyata keçirilməsi hazırda sərfəli deyil. Ona görə ki, son illər neftin qiyməti bahalaşıb, lakin neft mübadiləsinin xərci sabit qalıb.

Peymani neft mübadiləsinin beynəlxalq sanksiyalarla əlaqədar hazırda İranla məhdud olduğunu və buna görə də uzunmüddətli əsasda neft mübadiləsinin dayandırılmasının İrana təsir etməyəcəyini düşünür.

"ABŞ və Avropa İttifaqı İrana qarşı sanksiyalar tətbiq edib və iri neft şirkətləri və Xəzəryanı ölkələr İranla əlaqələrini məcburi formada azaldıblar. Bu baxımdan Xəzəryanı ölkələrin neftinin ixracında İranın bu vasitə ilə payı çox azdır və bunun dayandırılması uzunmüddətli əsasda İrana bir o qədər də ziyan verməyəcək", - Peymani bildirib.

İranın Xəzər neftinin Avropa və Asiyaya daşınması üçün əlverişli yollardan biri olmasına baxmayaraq, son illərdə bu ölkənin nüvə proqramı ilə bağlı ölkəyə tətbiq olunmuş beynəlxalq sanksiyalar və ABŞ-ın təzyiqləri ilə İran bu fürsəti itirib.

Xəbər lenti

Xəbər lenti