...

Abdolbari Goozala "Şöhrət" ordeni təqdim edilib (FOTO)

İqtisadiyyat Materials 24 Fevral 2017 12:11 (UTC +04:00)
"Xəyal Adası" müasir yaşayış kompleksində "Azərsun Holdinq"in Müşahidə Şurasının sədri Abdolbari Goozala "Şöhrət" ordeninin təqdim edilməsi mərasimi keçirilib.
Abdolbari Goozala "Şöhrət" ordeni təqdim edilib (FOTO)

Bakı. Trend:

"Xəyal Adası" müasir yaşayış kompleksində "Azərsun Holdinq"in Müşahidə Şurasının sədri Abdolbari Goozala "Şöhrət" ordeninin təqdim edilməsi mərasimi keçirilib.

"Azərsun Holdinq"dan Trend-ə verilən məlumata görə, mərasimdə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik, Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov iştirak ediblər. Təqdimat mərasimindən öncə "Azərsun Holdinq"in bu günə qədər keçdiyi yolu, şirkətin Azərbaycan iqtisadiyyatına töhvəsini əks etdirən film nümayiş olunub.

Sonra Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Ə.Həsənov Abdolbari Goozala "Şöhrət" ordenini təqdim edib. Təqdimat mərasimində çıxış edən Ə.Həsənov bildirib ki, “Azərsun Holdinq” sadəcə milli şirkət deyil. Bu şirkət sərhədləri adlamış, kifayət qədər yer tutaraq xarici bazarlarda rəqabətədavamlığı ilə bölgənin transmilli şirkətlərindən biri kimi tanınır: “Təkcə onu qeyd etmək kifayət edir ki, holdinqin Azərbaycanda yaratdığı infrastruktur, istehsalat sahələri, logistika beynəlxalq standartlara cavab verir. Şirkətlər qrupunda, eləcə də kənd təsərrüfatı sahəsində on minlərlə vətəndaşımız çalışır ki, onlar yüksək əmək haqları ilə təmin olunublar. Holdinqin istehsal etdiyi məhsullar nəinki daxili tələbatı ödəyir, eyni zamanda milli brend kimi bölgənin müxtəlif ölkələrində, xarici bazarlarda tanınır. Bu da Azərbaycana kifayət qədər valyuta ehtiyatları gətirir. “Azərsun Holdinq” ölkəmizə yeni istehsalat mədəniyyəti gətirib. “Azərsun Holdinq” ölkənin qida təhlükəsizliyinin təmin olunmasında müstəsna yer tutur. Holdinqin uğurlarının təməlində dayanan əsas amil odur ki, Abdolbari Goozal bura ən zəhmətkeş insanları toplaya bilib. Bu şirkət daim ümummilli lideri Heydər Əliyevin qayğısında olub. Bu gün isə ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunur. Çünki bu şirkət Azərbaycan üçün çalışır, vətəndaşlarımıza iş yeri verir, keyfiyyətli ərzaqla təmin edir. Qida təhlükəsizliyində mühüm yer tutur. Bu gün Azərbaycanda Azərsun kimi çoxsaylı şirkətlər var ki, dövlətin bütün sahələr üzrə qayğısı ilə əhatə olunub. Prezident İlham Əliyev ölkəmizdə qurulan, yeni istehsal, iqtisadi münasibətlərin təməlini təşkil edən şirkətlərə kifayət qədər yüksək qiymət verir. Onların nümunəsi kimi bu gün həmin şirkətlərdən birinin rəhbəri, Azərbaycan zəhmətkeşlərinin kifayət qədər yaxşı tanıdığı şəxsə Prezident İlham Əliyevin təltif etdiyi "Şöhrət ordeni"ni təqdim edilir. Fəlsəfəsini "Qurani Kərim"dən götürən belə bir deyim var. Böyük Mövlanə bu kəlamı çox istifadə edirdi. “Hər gün öləcəyin kimi yaşa, amma heç zaman ölmədiyin kimi çalış. Abdolbari Goozal bu cür insanlardandır ki, heç vaxt ölməyəcəyi kimi çalışır, hər gün öləcəyi kimi yaşayır ”.

Çıxışına xatirələri ilə başlayan Abdolbari Goozal Azərbaycana gəlişindən, “Azərsun”un yaradılmasından, qarşılaşılan çətinliklər və əldə olunan uğurlar barədə danışıb və Ümummilli Lider Heydər Əliyev tərəfindən göstərilən dəstəkdən danışıb. Daha sonra o, iş adamının tək pul qazanmağı yox, həm də insanların rifahını düşünməli olduğunu söyləyib: “İstehsal etdiyimiz çay artıq bir dünya brendi olub. Biz iş görərkən heç vaxt pulu, qazancı düşünməmişik. Bizdə bir məşhur misal var: böyük tikə boğazda qalar. Başqa sözlə, az ye, həmişə ye. Həmin dövrdə Azərbaycanda insanların maddi durumu çox pis idi. Qolundakı saatı sataraq evinə çörək alan adamları tanıyırdım. Çox şükür, o çətinliklərin öhdəsindən gəldik. Bu gün isə mənə prezident İlham Əliyevin verdiyi “Şörhət” ordeni təqdim edilir. Ölkə başçısının bu mükafatı onu göstərir ki, biz həqiqətən də çalışmışıq və çalışırıq. Bu mükafat mənə bir daha onu göstərdi ki, çəkilən zəhmət qiymətsiz qalmır. Mən ölkə başçısına öz dərin minnətdarlığımı bildirirəm".

Daha sonra tədbirdə Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik çıxış edib, iki qardaş ölkə arasında mövcud olan münasibətlərdən danışıb və Abdolbari Goozalı təltif edilməsi münasibəti ilə təbrik edib.

Qeyd edək ki, 2016-cı ilin dekabr ayının 28-də prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Abdolbari Goozalı "Şöhrət" ordeni ilə təltif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti