Bakı. Trend:
2022-2023-cü illərdə Şahdəniz layihəsi üzrə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) gəlirləri tarixdə ən yüksək göstəriciyə çatıb.
Bunu Trend-ə özəl müsahibəsində ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov deyib.
"Bildiyiniz kimi, ARDNF-nin neft-qaz gəlirlərinin formalaşma mənbələrindən ən böyük hissəni AÇG və Şahdəniz layihələri üzrə Dövlətin payına düşən mənfəət karbohidrogenlərinin satışından əldə olunan gəlirlər təşkil edir. Bu gəlirlərin formalaşması dinamikasına təsir edən əsas amillər təbii ki, yataqlar üzrə hasilat göstəriciləri və enerji daşıyıcılarının dünya bazar qiymətləri faktorlarıdır", - İ. Məmmədov bildirib.
Onun sözlərinə görə, bu kontekstdə, AÇG yatağı üzrə son illər ərzində müşahidə olunan hasilatın təbii eniş trendinə baxmayaraq, neftin dünya bazar qiymətlərinin xüsusi ilə 2022-ci ildə 101 usd/bbl və cari ildə 83 usd/bbl olmaqla yüksək hədlərdə qeydə alınması, ARDNF- nin sözü gedən layihə üzrə gəlirlərinin büdcə gözləntiləri ilə müqayisədə artıq səviyyədə əldə olunmasına zəmin yaratmışdır.
"Ümumi neft-qaz gəlirlərinin təxmini 76%-ni formalaşdıran AÇG layihəsi üzrə əldə olunması ehtimal olunan 7 mlrd. ABŞ dolları məbləğində gəlirlər sayəsində 2023-cü ilin pandemiya dövründən sonrakı illər ərzində ikinci ən yüksək gəlirli il olması gözlənilir. Eyni zamanda, 2018-ci ildən etibarən uzadılan AÇG Hasilatın Pay Bölgüsü Sazişinə (HPBS) uyğun olaraq ARDNF tərəfindən əldə olunan illik 450 mln. ABŞ dolları məbləğində Bonus ödənişləri AÇG gəlirlərinə ciddi təsir etmişdir. Bununla bərabər, məlum olduğu kimi, Şahdəniz layihəsinin 2-ci fazasının uğurlu icrası və 2021-ci ildən etibarən Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsi ilə Avropaya çatdırılması və satışı, ARDNF-nin neft gəlirləri ilə yanaşı, qaz gəlirlərinin də əhəmiyyətli dərəcədə yüksəlməsi ilə nəticələnmişdir. Son iki il ərzidə baş verən hadisələr fonunda, Avropada qazın satış qiymətinin rekord yüksək hədlərə çatması, bununla yanaşı qaz hasilatının artan dinamikası və nəticədə Dövlətin payının artması, 2022-ci və 2023-cü illərdə Şah Dəniz layihəsi üzrə ARDNF-nin gəlirlərinin müvafiq olaraq 1,4 mlrd. ABŞ dolları və 1,3 mlrd. ABŞ dolları təşkil etməsinə səbəb olmuş və bu layihə tarixində ən yüksək gəlir göstəricisi olmuşdur", - ARDNF-nin icraçı direktoru əlavə edib.
Fondun vəsaitini formalaşdıran mənbələrə gəldikdə, İ.Məmmədov vurğuladı ki, ARDNF-nin Əsasnaməsinə (3-cü bənd) uyğun olaraq ARDNF-nin gəlirləri neft və qaz sazişləri ilə bağlı hasilatın pay bölgüsü sazişlərinə uyğun olaraq Azərbaycan Respublikası dövlətin payına düşən neft və qaz daxilolmaları, ARDNF-nin investisiya fəaliyyətindən əldə edilən gəlirlər və qanunvericiliyə uyğun olaraq digər gəlirlər və daxilolmalardan formalaşır.
"2023-cü ilin 9 ayında ARDNF-nin ümumi büdcə gəlirləri 8,8 mlrd ABŞ dolları təşkil edərək, büdcə gəlirlərinin formalaşmasında mənfəət nefti və qazın satışından daxilolmalar 6,7 mlrd ABŞ dolları, bonus ödənişləri 471,0 mln ABŞ dolları, Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 1,6 mlrd ABŞ dolları təşkil etmişdir. 2024-cü il üzrə Neft Fondunun büdcə gəlirlərinin 5,3 mlrd ABŞ dollarını və yaxud 75%-ni neft və qaz sazişlərinin icrası ilə bağlı gəlirlər, o cümlədən 4,8 mlrd ABŞ dollarını mənfəət nefti və qazın satışından gəlirlər, 451,3 mln ABŞ dollarını bonuslar, 14,2 mln ABŞ dollarını tranzit gəlirləri, 2,1 mln ABŞ dolları akrhesabı ödənişlərdən daxilolmaların təşkil etməsi, Fondun vəsaitlərinin idarə edilməsi ilə bağlı gəlirlərin 1,8 mlrd ABŞ dolları olması proqnozlaşdırılır", - o bildirib.
Fondun vəsaitlərinin xərclənməsində prioritet istiqamətlərdən danışan icraçı direktor vuğuladı ki, ARDNF-nin vəsaitinin istifadəsi Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə hər il üçün ARDNF-nin büdcəsi çərçivəsində təsdiq edilmiş əsas istiqamətlərə (proqrama) uyğun olaraq həyata keçirilir ki, cari və növbəti illər üzrə Fondun vəsaitinin əsas xərc istiqamətlərini dövlət büdcəsinə transfertin yuxarı həddi ilə bağlı xərclər təşkil edir.
"ARDNF-nin 2023 və 2024-cü illər üzrə dövlət büdcəsinə transfert üzrə xərclər müvafiq olaraq 11,7 mlrd manat və 12,8 mlrd manat məbləğində təsdiq edilmişdir. Eyni zamanda hal-hazırda Neft Fondu tərəfindən iki təhsil proqramının maliyyələşdirilməsi həyata keçirilir ki, növbəti ildə bu proqramların maliyyləşdirilməsinin davam etdirilməsi nəzərdə tutulur.
Belə ki, Fond tərəfindən 2023-cü ildə “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi üçün 38,5 milyon manat, 2024-cü ildə 33,5 mln manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu proqram çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələri ilə yerli ali təhsil müəssisələri arasında imzalanmış ikili diplom proqramlarının icrası və Azərbaycan vətəndaşlarının xaricdə doktorantura təhsili maliyyələşdirilir.
Eyni zamanda Neft Fondu tərəfindən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 2023-cü ildə 36,7 milyon manat, 2024-cü ildə 47,5 milyon manat ayrılması proqnozlaşdırılır. Bu proqram çərçivəsində hər il 400 nəfərin, o cümlədən 320 nəfərin magistratura təhsili, 80 nəfərin bakalavr təhsili üzrə xarici universitetlərdə təhsil xərcləri maliyyələşdiriləcəkdir", - İ. Məmmədov bildirib.
Fondun yaxın dövr ərzində ölkədən kənarda hər hansı bir şirkət və ya layihədə pay almaqla bağlı planlarına gəldikdə, icraçı direktor qeyd edib ki, Fond büdcə xərcləri çərçivəsində dövlət büdcəsinə transfertlərlə yanaşı həm də müxtəlif strateji əhəmiyyətli sosial-iqtisadi layihələrin maliyyələşdirilməsini də həyata keçirir.
"Sözegedən layihələr Azərbaycan Respublikası Prezidentinin büdcə haqqında Fərmanı çərçivəsində ARDNF-nin vəsaitindən istifadənin əsas istiqamətlərinə (proqram) və investisiya siyasətinə uyğun formada müəyyənləşdirilir ki, 2024-cü ildə təsdiq olunan sənədə əsasən növbəti ildə hər hansı yeni layihələrin maliyyələşdirilməsi nəzərdə tutulmur. Bununla yanaşı diqqətinizə çatdıraq ki, ARDNF öz yatırımlarını İnvestisiya siyasəti çərçivəsində cari bazar konyuktarasını nəzərə almaqla hər maliyyə aktivi üzrə nəzərdə tutulmuş bençmarkalara müvafiq olaraq borc öhdəlikləri və pul bazarları, səhm, daşınmaz əmlak və özəl səhm kimi maliyyə aktivlərinə həyata keçirir.
Bu çərçivələrdən kənarda ARDNF tərəfindən ölkə kənarında hər hansı analoji layihənin maliyyələşdirilməsi həyata keçirilməsi nəzərdə tutulmur. Bununla yanaşı bildirək ki, ARDNF İnvestisiya Siyasəti və Qaydalarına uyğun olaraq yuxarıda qeyd edilmiş maliyyə aktivləri üzrə investisiyaları həyata keçirməkdə davam edəcəkdir", - o əlavə edib.
Bundan başqa, İ.Məmmədov qeyd edib ki, ARDNF-nin investisiya portfelinin valyuta səbətinin tərkibi İnvestisiya siyasəti əsasında müəyyənləşdirilir.
"Bu konkteksdə bildirək ki, ARDNF- nin investisiya portfelinin 65%-i ABŞ dolları, 20%-i Avro, 5%-i isə İngiltərə funt sterlinqdə ifadə olunan maliyyə aktivlərinə yatırıla bilər. Sözügedən portfelin qalan 10%-ə qədər hissəsi isə digər valyutalarda ifadə olunan maliyyə aktivlərinə yerləşdirilə bilər. Əlavə edək ki, cari ilin sonunda təsdiq olunmuş İnvestisiya siyasətinə əsasən investisiya portfelinin növbəti il üzrə valyuta bölgüsündə hər hansı dəyişiklik yer almamışdır", - o deyib.
Onun sözlərinə görə, cari ilin sonuna ARDNF-nin gəlirlərinin təqribən 12,7 mlrd ABŞ dolları və ya 21,5 mlrd manat təşkil etməsi gözlənilir.
"Bu gəlirlərin təqribən 9,0 mlrd ABŞ dolları (71%-i) neft və qaz sazişləri ilə bağlı daxilolmalarından, 3,7 mlrd ABŞ dolları (29%- i) isə investisiya fəaliyyətindən əldə edilməsi proqnozlaşdırılır. Bildirək ki, Azərbaycan Respublikası Prezidentinin ARDNF 2024-cü il büdcəsi haqqında Fərmanına uyğun olaraq növbət il üzrə isə büdcə gəlirləri 7,1 mlrd ABŞ dolları və ya 12,1 mlrd manat təşkil etmişdir.
İnvestisiya gəlirliliyi üzrə gözləntilərə gəldikdə isə, məlum olduğu kimi, ARDNF portfel idarəetməsində öz missiya və məqsədlərindən irəli gələn başlıca vəzifələri götürərək mühafizəkar risk iştahı əsasında Vəsaitlərin Strateji Bölgüsünü (VSB) həyata keçirir. ARDNF vəsaitlərin strateji bölgüsü üzrə başlıca fərziyyələri qabaqcıl və nüfuzlu təşkilatların proqnozları və məşvərətləri əsasında formalaşdırır və bu əsasda cari bazar konyuktura parametrlərinə uyğun maliyyə aktivlərinin gəlirlilik və risk göstəriciləri müəyyən olunur", - icraçı direktor bildirib.
O vurğulayıb ki, eləcə də, daxildə qurulmuş modellər vasitəsilə aktiv növlərinin optimal çəkisi və hədəf gəlirliliyi (bençmarklar) müəyyənləşdirilir və nəticələr investisiya siyasətində öz əksini tapır.
"Sözügedən optimal portfelin gəlirlilik səviyyələri daxili modellər və müxtəlif investisiya banklarının (5-10 illik) gəlirlilik proqnozları əsasında maliyyə aktivlərinin əsas xüsusiyyətlərinin uzun müddətdə necə dəyişəcəyi nəzərə alınmaqla hesablanır.Qeyd edək ki, maliyyə aktivləri üzrə proqnozlaşdırılan gəlirlilik adətən orta-uzunmüddətli dövrü əhatə edir və orta illik gəlirlilik göstəricisi kimi illik əsasda götürülür. Cari ilin sonu ilə bağlı gəlirlilik göstəricilərinə dair bildirək ki, bu barədə ictimaiyyətə hər il olduğu kimi il nəticələri açıqlanan zaman məlumat veriləcəkdir", - İ.Məmmədov əlavə edib.
Yaxın Şərqdə müşahidə olunan gərginlik və bunun neft bazarına təsirinə toxunan ARDNF-nin icraçı direktoru qeyd edib ki, neftin qiyməti bazar iqtisadiyyatının əsasını təşkil edən tələb və təklif prinsipləri əsasında formalaşır.
"Bu kimi fundamental amillərlə yanaşı geosiyasi faktorların təsiri ilə bazarda iqtisadi şok effekti yarana bilər ki, bunun da nəticəsində neftin qiymətində əhəmiyyətli dəyişikliklər müşahidə oluna bilər. Bu kontekstdə, geosiyasi müstəvidə baş verən münaqişələr və digər proseslər və bunun da təsiri ilə qlobal səviyyədə neftin hasilatının həcminə dair razılaşdırılmış qərarlar neftin qiymətinin proqnozlaşdırılmasında mühüm rol oynayır. Nəzərinizə çatdıraq ki, ARDNF-nin 2024-cü il üçün gəlirlərinin formalaşması üçün istifadə olunan neftin baza qiyməti bir barel üçün 60 ABŞ dolları təşkil edir və bu qiymətin daha yüksək səviyyələrdə reallaşması xərclərin dəyişməz qalması fonunda büdcənin neft gəlirlərinin artıq icrası ilə nəticələnərək, ARDNF-nin büdcə balansına müsbət təsir edəcəkdir", - o bildirib.
Bundan başqa, İ. Məmmədov əlavə edib ki, ARDNF öz fəaliyyəti çərçivəsində bir sıra beynəlxalq təşkilatlar ilə müxtəlif sahələri əhatə edən tərəfdaşlıq fəaliyyətini həyata keçirir.
"Belə ki, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı kimi qurumların ekspertləri ARDNF-yə mütəmadi səfərlər edir, Fondun valyuta ehtiyatlarının artım dinamikası, ölkənin maliyyə sisteminin inkişaf etdirilməsi və makroiqtisadi tənzimləmə siyasətində ARDNF-nin yeri və mövqeyi, habelə müasir maliyyə mexanizmlərinin tətbiqi imkanları, ARDNF-nin investisiya siyasəti barədə fikir mübadilələri aparılır.
Bununla yanaşı qeyd etmək lazımdır ki, ARDNF ilə Dünya Bankının birbaşa əməkdaşlığı 15 ildən artıq dövrü əhatə edir və bu çərçivədə yalnız yuxarıda qeyd olunan məsələlər üzrə deyil, həm də ARDNF-nin əməkdaşlarının bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində müxtəlif mövzular üzrə seminar və təlimlər təşkil edilmişdir. Sözügedən təlimlər əsasən portfel idarəetməsi və investisiya siyasəti, sabit gəlirli qiymətli kağızların idarə olunması, eləcə də, səhmlərə investisiya və risklərin idarə edilməsi kimi əhəmiyyətli mövzuları əhatə etmişdir", - o bildirib.
İcraçı direktor vurğulayıb ki, ARDNF-nin beynəlxalq tərəfdaşlığı yalnız adıçəkilən qurumlarla məhdudlaşmır.
"Belə ki, ARDNF-nin maliyyə bazarlarında 50-dən çox tərəf müqabili, 6 kastodial bank, 7 xarici menecer, eləcə də, alternativ investisiya çərçivəsində bu sahədə dünyanın ən qabaqcıl və nüfuzlu Daşınmaz Əmlak, Özəl Səhm, İnfrastruktur və digər Fond idarəçiləri ilə sıx əməkdaşlığı mövcuddur və müxtəlif sahələrdə bu tərəfdaşlıqların daha da inkişaf etdirilməsi nəzərdə tutulur". - o bildirib.