...

"Sonsuz dəhliz" filmi "Eurochannel" kanalında nümayiş olunacaq (FOTO)

Mədəniyyət Materials 9 Dekabr 2015 18:13 (UTC +04:00)
Filmin nümayişi haqqında məlumat “Eurochannel”ın saytında yerləşdirilib.
"Sonsuz dəhliz" filmi "Eurochannel" kanalında nümayiş olunacaq (FOTO)

Bakı. Trend:

11-12 dekabr tarixlərində "Xocalıya ədalət!" təbliğat-təşviqat kampaniyası çərçivəsində beynəlxalq "Eurochannel" televiziya kanalında Xocalı qətliamının qurbanlarına - müasir Avropa tarixinin ən qanlı hadisələrindən birinin şahidlərinə ithaf olunan və bir çox beynəıxalq mükafatlara layiq görülmüş "Endless Corridor" ("Sonsuz dəhliz") sənədli filmininin nümayişi keçiriləcək.

Bu barədə Trend-ə Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) məlumat verilib.

Filmin nümayişi haqqında məlumat "Eurochannel"ın saytında yerləşdirilib.

Sayt məlumat verir ki, rejissorları Aleksandras Brokas və Mindaugas Urbonavicius olan, müasir Britaniya kinematoqrafiyasının əfsanəsi Ceremi Ayronz tərəfindən səsləndirilən "Sonsuz dəhliz" filmi litvalı jurnalist Riçard Lapaytisin onun müharibə müxbiri qismində Dağlıq Qarabağ münaqişəsini və Xocalı qırğınını işıqlandırmasından 20 il sonra Azərbaycana yenidən səfərindən bəhs edir. Riçard Lapaytis deyir ki, Xocalı qırğını haqda xatirələr onu hələ də izləyir.

"Xocalı faciəsi insanların digərlərinin taleyi ilə bağlı necə rüsvayçı və qeyri-insanı qərar verməsinin sübutudur" - deyə rejissor Aleksandras Brokas film haqda danışarkən bildirib.

Xocalıda ölümün pəncəsindən xilas olanlar erməni bombardmanından qaçışlarını və öz əzizlərini təhlükəsiz hesab etdikləri "Sonsuz dəhliz"də necə itirdiklərini ürək dağlayan hekayələrlə xatırlayırlar.

Xatırladaq ki, filmin premyerası ötən il iyulun 1-də Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilmişdir. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak etmişdir.

"Sonsuz dəhliz" filmi beynəlxalq kino tənqidçilər tərəfindən yüksək qiymətləndirilib. Bu film bir çox mükafatlar alıb, o cümlədən "Kiçik Oskar" adlandırılan "Accolade Qlobal Film Competition" nəşrinin ən yüksək mükafatına layiq görülüb.

"Sonsuz dəhliz" filminin "Xocalıya ədalət!" təbliğat-təşviqat kampaniyası çərçivəsində bu ilin fevral ayında İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin, Bern, Lüksemburq kimi şəhərlərdə təqdimatı keçirilib. İngilis dilində çəkilən film Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan, türk, fransız, italyan və alman dillərinə subtitrlərlə tərcümə edilib, rus dilində isə dublyaj olunub.

Filmin nümayişi "Xocalıya ədalət!" təbliğat-təşviqat kampaniyası çərçivəsində Türkiyənin "Kanal 24", "CNN Türk", Albaniyanın Milli Televiziyası və İsrailin "Channel 1" televiziya kanallarında da baş tutub.

Filmin rejissoru Aleksandras Brokasın "Eurochannel" kanalınaın saytında müsahibəsi də yer alıb:

- Siz bir litvalı olaraq niyə Azərbaycanda baş verən bir faciə ilə bağlı sənədli film çəkmək qərarına gəldiniz?

- Bir çox keçmiş sovet respublikalarının tarixi bir-birinə bənzəyir. Litva və digər Baltik ölkələri bu kimi faciələrin baş verməsinin cəmi bir addımlığında idilər. 1990-cı illərin əvvəllərində Sovet İttifaqı bizim ölkələri öz nəzarətində saxlamağın yeganə yolu olaraq müxtəlif etnik qruplar arasında münaqişələr yaratdı. Bu hadisələrin bir çoxu günümüzə qədər ehtiyatla gizlədilib. Onlar haqqında yalnız indi - 20 il müstəqillik dövründən sonra nəhayət ki, danışmaq imkanı yaranıb.

- Bir tərəfin qəhrəmanı sayılan şəxsi digər tərəf qatil hesab edir. Bu sənədli film heç bir tərəf saxlamadan obyektiv mesaj göndərməyə necə nail olub?

- Biz hadisə ilə bağlı heç bir mühakimə yürütmürdük. Layihədə yer alması üçün dünyanın 15-dən çox ölkəsindən beynəlxalq müharibə jurnalistlərini və film peşəkarlarını dəvət etdik. Həmçinin hər iki münaqişə tərəfinə 20 il ərzində ilk dəfə olaraq öz hekayələrini danışmaq imkanı yaradıldı. Bizim missiyamız faciəvi hadisə ilə bağlı faktların toplanması və tamaşaçılara öz təəssüratlarının yaranması üçün mümkün qədər çox imkan yaratmaqdan ibarət idi.

- Qurbanlarla müsahibə zamanı, onların hekayələrini dinləyərkən sizi ən çox nə təəccübləndirdi?

- Ümumiyyətlə, müharibə hekayələrinə qulaq asmaq həmişə ağır olur, çünki onlar kədərli olur. Fərqi yoxdur ki, siz münaqişənin hansı tərəfini dinləyirsiniz. Müharibədə qalib tərəf olmayıb. Hər bir münaqişə sonrakı nəsillərə zərbə vurur.

- Ceremi Ayronzun filmi səsləndirməsinə necə razılıq ala bildiniz? Layihənin konsepsiyası ona maraqlı gəldimi?

- Ceremi Ayronz demək olar ki, sənədli film yekunlaşdığı zaman layihədə yer almaq qərarına gəldi. İnanıram ki, onu "Sonsuz dəhliz" filmini səsləndirməyə insan taleyinin faciəvi hekayəsi ilhamlandırdı.

- Siz sənədli filmin beynəlxalq səviyyədə bu qədər uğurlu olacağını gözləyirdinizmi?

- Biz hələ layihənin başlanğıcında anladıq ki, bu çox həssas faciəvi hekayə beynəlxalq ictimaiyyət tərəfindən yalnız münaqişənin hər iki tərəfinin səsinin sənədli filmdə eşidiləcəyi zaman tanınacaq. Bu, bizim əsas məqsədlərimizdən biri idi. Elə təkcə bu il ərzində keçirilmiş beynəlxalq film festivallarında "Sonsuz dəhliz" filminin namizədliyi "Ən yaxşı sənədli film", "Ən yaxşı rejissor", "Ən yaxşı montaj", "Ən yaxşı prodüsser" nominasiyalarında on dəfədən çox irəli sürülüb və indiyə qədər beş nüfuzlu mükafata layiq görülüb.

- Haqqında sənədli film çəkmək istədiyiniz başqa münaqişə və yaxud faciə varmı?

- Gələcək filmlərimdə mən daha çox sülh içində və vüqarla necə yaşamağın mümkünlüyü haqda danışmaq istəyirəm.

- Hazırda hansısa film layihələri üzərində çalışırsınızmı? Oxuculara onlar haqda nəsə demək istərdinizmi?

- Hazırda bir neçə layihə üzərində çalışırıq. Onlardan biri insan idrakı və onun gündəlik həyatda bizi əhatə edən reallığı nəzarətdə saxlamaq bacarığı haqdadır. Bu film heç nəyin təsadüfən baş vermədiyini qəbul edəndən sonra insan həyatının müsbətə doğru dəyişməsindən bəhs edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti