Bakı. Trend:
“Real Madrid” klubunun baş məşqçisi Karlo Ançelottinin cari mövsümün sonunda komandadan ayrılması gündəmdədir.
Trend-in məlumatına görə, bu barədə tanınmış insayder David Ornstein məlumat yayıb.
Ançelotti də bu gün keçirilən mətbuat konfransında klubdakı gələcəyi ilə bağlı sualları cavablandırarkən qərarın sezonun sonunda veriləcəyini bildirib.
İtaliyalı mütəxəssisin yerinə əsas namizəd kimi Leverkuzen “Bayer”inin baş məşqçisi Xabi Alonso göstərilir. Sabiq “Real Madrid” oyunçusu olan Alonso Almaniya klubunda uğurlu çıxışı ilə diqqət mərkəzinə düşüb.
Bundan əlavə, Leverkuzenin istedadlı yarımmüdafiəçisi Florian Virtsin də “Real Madrid”ə keçmək istədiyi bildirilir. 21 yaşlı futbolçu “Kral klubu”nda həm UEFA Çempionlar Liqasını, həm də “Qızıl Top” mükafatını qazanmaq arzusundadır. Onun yay transfer dönəmində Madrid təmsilçisinə keçmək istədiyi qeyd olunur. “Real” da gənc istedadı heyətinə qatmaqda maraqlıdır.
Florian Virtsə “Mançester Siti” və “Bavariya” kimi nəhəng klubların da maraq göstərdiyi deyilir.