Bakı. Trend:
İsrailin İrana hava hücumları nəticəsində İranın 12 vilayətində 95 nəfər yaralanıb.
Trend-in məlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sözçüsü Muctaba Xaledi yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, Şərqi Azərbaycan vilayətində yardım zamanı bir xilasedici ölüb.
Xaledi bildirib ki, hazırda xilasetmə və yardım əməliyyatları davam etdirilir. Əməliyyatlarda Qırmızı Aypara Cəmiyyətinin 140 komandası və 670 könüllü iştirak edir.
Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib. Eyni zamanda İran tərəfi İsrailə cavab hücumunun həyata keçiriləcəyini bildirir.